Suriya Prezidenti: “İsrail öhdəliklərinə əməl etsə, Colan məsələsini müzakirəyə açacağıq”
22 Sentyabr 23:19 DünyaMusavat.com xəbər verir ki, BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorkda olan Suriya Prezidenti Əhməd Şara Concordia Zirvəsində çıxış edib. Müzakirələrə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru, general David Petreus moderatorluq edib.
Şara bildirib ki, İsrail ilə təhlükəsizlik danışıqları artıq irəli mərhələyə keçib: "Əgər sakitlik hakim olsa və İsrail verdiyi sözlərə sadiq qalsa, münasibətlərin gələcəyini və işğal altındakı Colan məsələsini müzakirəyə çıxara biləcəyik".
O, son 60 ildə Suriya dövlətinin çoxsaylı böhranlarla üzləşdiyini vurğulayıb və ölkənin yenidən dirçəlməsi üçün "yeni bir şansa ehtiyac olduğunu" deyib.
Prezident əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın sanksiyaları qaldırmasından sonra, ABŞ Konqresi də bu məhdudiyyətləri tamamilə aradan qaldırmalıdır.
Şara həmçinin Kürd silahlı birləşmələri ilə aparılan dialoqa toxunaraq, "Kürt icmasının hüquqlarının qorunduğunu, ölkədə bütün xalqların dinc birgəyaşayışının əsas hədəf olduğunu" söyləyib.
Onun sözlərinə görə, İsrail Suriyaya indiyədək 1000-dən çox hava hücumu, 1400-dən artıq quru müdaxiləsi həyata keçirib. Buna baxmayaraq, Şara qeyd edib ki, danışıqlar davam edir və təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir.