“Paşinyanı növbəti fiasko gözləyir” - İLGİNC İDDİA

Ermənistan Milli Maraqlar Fondunun (ANIF) sabiq icraçı direktoru David Papazyan baş nazir Nikol Paşinyanı sərt tənqid edib.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Paşinyan bir çoxlarının etimadını sarsıdıb və onu "növbəti fiasko" gözləyir.

Papazyan qeyd edib ki, "Paşinyan və hökumətinin utancverici səhvlərinin günahını başqalarının üzərinə atmaq cəhdləri uğursuzluğa məhkumdur".

"Onun və hökumətinin utancverici səhvləri nəticəsində ANIF-in təsisçi komandası tərəfindən hazırlanmış bəzi proqramların icrası iflasa uğrayıb. Bunun günahını bizə yükləmək mümkün olmayacaq", - deyə David Papazyan bildirib.

Sabiq direktor xatırladıb ki, Ermənistan Milli Maraqlar Fondu 2019-cu ildə böyük gözləntilərlə yaradılmışdı - ölkə iqtisadiyyatına iri həcmli xarici investisiyaların cəlbi, infrastrukturun inkişafı və böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulurdu.

"Lakin 5 ildən sonra bu gözləntilər proqramların uğursuzluğuna, müəssisələrin müflisləşməsinə və məhkəmə iddialarına çevrildi. ANIF vasitəsilə 25 milyard dram (65 milyon 325 min dollar) mənimsənildi", - deyə Papazyan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31