Aİ Sudana qarşı sanksiyaları 2026-cı ilə qədər uzatdı - ÖZƏL

Avropa İttifaqı Sudanla bağlı sanksiya rejimini daha bir il müddətinə - 2026-cı il 10 oktyabr tarixinədək uzadıb. Olaylar.az xəbər verir ki,  bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, sanksiyalar 10 fiziki və 8 hüquqi şəxsə qarşı qüvvədə qalacaq. Məhdudiyyətlərə Aİ-yə giriş qadağası, aktivlərin dondurulması, həmçinin maliyyə və iqtisadi resursların birbaşa və ya dolayı yolla əldə edilməsinə qadağa daxildir.
Xatırladaq ki, Sudana qarşı ilk sanksiyalar paketi 2023-cü ilin oktyabrında tətbiq olunub. Daha sonra Avropa Şurası 2024-cü ilin yanvar, iyun və dekabr aylarında, eləcə də 2025-ci ilin iyulunda məhdudiyyətlərin əhatəsini genişləndirib. Sanksiyalar əsasən Sudanın Silahlı Qüvvələri və "Sürətli Reaksiya Qüvvələri" hərəkatı ilə bağlı şəxslərə yönəlib.
Sudanda vəziyyət 2023-cü ilin aprelində ölkə ordusunun komandanı Abdel Fəttah əl-Burhan ilə "Sürətli Reaksiya Qüvvələri"nin lideri Məhəmməd Həmdan Dağalonun ziddiyyətləri səbəbindən kəskinləşib. Paytaxt Xartumda başlayan qarşıdurmalar qısa zamanda ölkənin digər bölgələrinə yayılıb. Ekspertlərin qiymətləndirməsinə görə, indiyədək ən azı 40 min insan həyatını itirib, 12 milyonadək sudanlı evlərini tərk etməyə məcbur olub, onların böyük hissəsi aclıq təhlükəsi ilə üz-üzədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31