Putin: Qərbin addımları nüvə dövlətləri arasında dialoqu zəiflətdi – ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin Qərbin atdığı dağıdıcı addımlar nəticəsində nüvə silahına sahib dövlətlər arasında dialoqun əsaslarının ciddi şəkildə zəiflədiyini bildirib. 

Olaylar.az xəbər verir ki, o, bunu Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən iclasda deyib.

Putinin sözlərinə görə, məhz Qərbin əvvəlki addımları konstruktiv münasibətlərin və praktiki əməkdaşlığın təməlini sarsıdıb:
"Bunun nəticəsində müvafiq ikitərəfli və çoxtərəfli formatlarda dialoq üçün əsaslar da laxladı".

Dövlət başçısı qeyd edib ki, strateji hücum silahlarının azaldılması üzrə müqaviləyə (DSNV) uyğun məhdudiyyətlərə əməl olunması yalnız ABŞ-nin də eyni addımı atacağı halda real nəticə verə bilər.

Putin vurğulayıb ki, Rusiya 5 fevral 2026-cı ildən sonra da bir il ərzində DSNV üzrə məhdudiyyətlərə əməl etməyə hazırdır.

Xatırladaq ki, Putin 21 fevral 2023-cü ildə Federal Məclisə müraciətində Rusiyanın DSNV-də iştirakını dayandırdığını, lakin müqavilədən çıxmadığını bildirmişdi. Daha sonra ABŞ Rusiya ilə məlumat mübadiləsini dayandıraraq rusiyalı mütəxəssislərin inspektor vizalarını ləğv edib və yeni vizaların verilməsindən imtina edib. Bununla yanaşı, Vaşinqton Rusiyaya telemetrik məlumatların ötürülməsini də dayandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31