Moldovada seçkilər ərəfəsində hava limanına giriş məhdudlaşdırıldı - ÖZƏL
13:04 DünyaMoldovada parlament seçkiləri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Ölkənin hüquq-mühafizə orqanları 25 sentyabr 2025-ci il saat 00:00-dan 30 sentyabr 23:59-a qədər Kişinyov hava limanına yalnız aviabileti olan şəxslərin girişinə icazə verəcəklərini açıqlayıb. Olaylar.az xəbər verir ki, bu barədə Sərhəd Polisi məlumat yayıb. Qeyd edək ki, oxşar məhdudiyyətlər 2024-cü ildə də tətbiq edilmişdi. Həmin vaxt müxalifətçilərin etiraz aksiyaları, habelə hava limanında aparılan əlavə yoxlamalar narazılıqlara səbəb olmuşdu.
Rusiya Xarici İşlər Nazirliyi isə daha öncə öz vətəndaşlarını Moldovaya səfər edərkən ehtiyatlı olmağa çağırmışdı. Parlament seçkiləri Moldovada 28 sentyabr tarixində keçiriləcək. Seçkilərə hazırlıq fonunda ölkədə genişmiqyaslı əməliyyatlar aparılır. Daxili işlər naziri Daniela Misael-Nikitinanın sözlərinə görə, seçkiöncəsi "elektoral korrupsiya" ittihamı ilə on minlərlə şəxsə qarşı istintaq hərəkətləri görülüb. Müxalifət isə hakimiyyəti repressiyalarda ittiham edir.