Çində Çikungunya qızdırması sürətlə yayılır – bir həftədə 2,4 min yoluxma - ÖZƏL
22 Sentyabr 2025 10:36 DünyaÇinin cənubundakı Quandonq vilayətində çikungunya qızdırmasına yoluxma halları kəskin artıb. Sentyabrın 14-dən 20-dək bölgədə 2 426 nəfərdə xəstəlik təsdiqlənib. Olaylar.az xəbər verir ki, bu barədə Regional Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb. Ən çox yoluxma Cziyanmen şəhərində qeydə alınıb - burada 2 238 nəfərdə xəstəlik aşkarlanıb. Şəhər rəhbərliyi vəziyyətin gərginləşməsi səbəbindən səhiyyə sahəsində üçüncü səviyyəli reaksiya rejimi tətbiq edib. Qeyd edək ki, Çində dörd pilləli reaksiya sistemi mövcuddur və üçüncü səviyyə şəhər miqyasında xəstəlik ocağı yarananda tətbiq olunur. Ötən həftə Quandonqda cəmi 201 yoluxma qeydə alınmışdı. İyulun sonu - avqustun sonu aralığında isə vilayətin Foşan şəhərində oxşar epidemiya baş vermişdi. Hədəfli tədbirlər nəticəsində - virusu yayan ağcaqanadların məhv edilməsi ilə yoluxma halları azaldılmışdı.
Həkimlərin sözlərinə görə, çikungunya qızdırmasının nə dərmanı, nə də peyvəndi mövcuddur. Xəstəliyin inkubasiya dövrü adətən 3-12 gün çəkir. Yoluxanlarda yüksək hərarət, üşütmə, bel və oynaq ağrıları, həmçinin səpgilər müşahidə olunur.