Hindistan və ABŞ arasında ticarət danışıqları pozitiv qiymətləndirildi - ÖZƏL

Hindistan və ABŞ arasında ticarət danışıqları Yeni-Dehlidə müxtəlif əməkdaşlıq aspektlərini əhatə edərək pozitiv şəkildə keçirilib. Olaylar.az xəbər verir ki,  bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Jayaswal brifinqdə bildirib. O qeyd edib ki, Hindistanı ABŞ Ticarət Nümayəndəsinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Brendan Lynch rəhbərlik etdiyi nümayəndə heyəti ziyarət edib. "Bu müzakirələr pozitiv və gələcəyə yönəlmiş idi, ticarət razılaşmasının müxtəlif aspektlərini əhatə edirdi. Hər iki tərəf qarşılıqlı faydalı ticarət sazişinin tezliklə bağlanması üçün səyləri gücləndirməyə qərar verdi", - deyə Jayasval bildirib. Hindistan və ABŞ fevral ayında, Hindistanın Baş naziri Narendra Modi-nin ABŞ səfərindən sonra, tammiqyaslı ticarət sazişi üzrə danışıqlara başlayıblar. Hər iki ölkə qarşılıqlı ticarət dövriyyəsini 2030-cu ilədək 500 milyard ABŞ dollarına çatdırmağı hədəfləyir. Sazişin payızda imzalanması planlaşdırılır. Hindistan nümayəndə heyəti bir neçə dəfə Vaşinqtonu ziyarət edərək danışıqlar aparıb. Qeyd edək ki, ABŞ 6 avqustda Hindistanın Rusiya nefti və neft məhsulları alması ilə əlaqədar əlavə 25% tariflər tətbiq edib. Avqustun sonunda isə Hindistandan idxal olunan mallar və xidmətlərə tətbiq olunan tariflər 50%-ə çatdırılıb. Hindistan Xarici İşlər Nazirliyi bu addımları ədalətsiz adlandırıb. 16 sentyabrda ABŞ nümayəndə heyətinin Yeni-Dehlidə səfəri nəticəsində Hindistan Ticarət Nazirliyi qarşılıqlı faydalı ticarət sazişinin tezliklə bağlanması üçün səyləri artırmaq barədə razılığa gəldiklərini açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31