REGİON Kremldə müəmmalı istefa: Putin postsovet üzrə kuratoru niyə çıxartdı?
10:29 DünyaRusiya Prezident Administrasiyası rəhbərinin müavini, postsovet məkanının kuratoru olan Dmitri Kozakın istefa verməsinin səbəbləri müzakirə edilir. Putin artıq Kozakı vəzifədən azad edib. Məlumatlara görə, keçmiş bürokrat bizneslə məşğul olacaq. Bu, Kozakın istefasında diqqətçəkən əsas detaldır: mümkündür ki, Putin ona qeyri-rəsmi missiya verib və "biznes" adı altında bunun icrasına göndərib. Versiyalar müxtəlifdir.
Mühüm məqamlardan biri də postsovet məkanı üzrə kuratorun gedişinin Rusiyanın bu coğrafiyada nüfuzunun zəifləməsi fonunda baş verməsidir. Bu, onun vəzifəsinin öhdəsindən gəlməməsindən qaynaqlana bilər. Rusiya mediası Kozakın gedişini bir dövrün qapanması, yenisinin başlanması kimi şərh edir.
Olaylar.az xəbər verir ki, "Moskovski Komsomolets" nəşri Kozakın istefasının pərdəarxasını araşdırmağa çalışıb.
Nəşrin şərhçisi Mixail Rostovski müəllifi olduğu məqalədə qeyd edir: "Rusiyanın mövcud güc strukturunu tənqid edənlər qeyd etməyi xoşlayırlar ki, yuxarıda heç bir siyasətçi qalmayıb, yalnız öz fikri olmayan, yaxud varsa, "göstəriş" gələn kimi onu dəyişdirən bürokratlardır. Dmitri Kozak heç vaxt "eqosunu" açıq şəkildə nümayiş etdirmirdi, lakin tanıyanlar deyir ki, onun öz mövqeyi vardı, bəzən prezidentin fikirləri ilə toqquşsa belə, mövqeyini müdafiə edirdi. Putin isə ona hörmətlə yanaşırdı, anlayırdı ki, Kozak kiminsə eqoist maraqları üçün deyil, Rusiyanın milli maraqlarına səmimi baxışı ilə çıxış edir".
Mixail Rostovskinin fikrincə, Kozakın Kremldən formal gedişinin vaxtı çoxdan çatmışdı.
"Məşhur ifadə var: "Mühafizəçi yorulur". Son üç il yarım ərzində bu, Kozak üçün keçərli idi. Həmişə aktiv olan siyasi menecer təkcə yorulmamışdı, həvəsini və gələcəyə baxışını itirmişdi, getdikcə azalan səlahiyyətlərini sanki avtopilotda yerinə yetirirdi. Kozakı buna görə günahlandırmaq olmaz. O, 1999-cu ilin avqustundan - Putin Yeltsinin rəsmi varisi olduğu andan Rusiya hakimiyyətinin zirvəsindədir. Çalışdığı bütün vəzifələrdə islahata meylli fiqur kimi önə çıxıb. Lakin həmişə uğurlu olmaq mümkün olmur. Onun son məsuliyyət sahəsi Ukrayna ilə danışıqlar və postsovet məkanı idi. Kozak çox çalışsa da, istədiyinə nail ola bilmədi, bu da onun siyasi effektivliyinə dərin təsir etdi. Hətta Cənubi Osetiya (qondarma respublika-red) hakimiyyətini də həmişə nəzarətdə saxlaya bilmirdi. 2022-ci ildə baş verənlərdə - Rusiyaya qoşulmaqla bağlı referendum böhranında o, həll variantı tapa bilmədi", - rusiyalı şərhçi qeyd edib. (Publika.az)