BMT Təhlükəsizlik Şurasının islahatı Sizif əməyinə bənzəyir - ÖZƏL
10:06 DünyaBMT Təhlükəsizlik Şurasının (TŞ) islahatı cəhdləri Sizifin daş daşımasına bənzəyir, çünki uğur şansı azdır. Lakin Hindistan bu mövzunu gündəmdə saxlamalıdır ki, dünyaya Şurada tamhüquqlu yerə sahib olmaq haqqını xatırlatsın. Olaylar.az xəbər verir ki, bu fikirləri TASS-a açıqlamasında Hindistanın Imagindia Institute analitik mərkəzinin prezidenti Robinder Saçdev bildirib. Ekspert BMT Baş katibi Antonio Quterreşin TŞ-də islahatların vacibliyi barədə sözlərini şərh edərkən qeyd edib ki, bugünkü dünya 1945-ci ildən tamamilə fərqlidir: "Müasir dövrdə yeni qlobal matrisa formalaşır, 21-ci əsrdə yeni bir mərhələ başlayıb, lakin BMT bu reallığı əks etdirə bilmir". Onun sözlərinə görə, hazırkı formada Təhlükəsizlik Şurası daha çox diskussiya klubuna çevrilib və real münaqişələrə təsir imkanlarını itirib: "Siz debatlarda qalib gələ bilərsiniz, amma bunun praktiki nəticəsi olmayacaq. TŞ islahatı Sizifin əməyi kimidir - daş hər dəfə yenidən aşağı yuvarlanır. Başqa çıxış yolu yoxdur, yalnız cəhd etməyə davam etmək lazımdır". Saçdev müəyyən dəyişikliklərin yalnız BMT Baş Assambleyasının vahid mövqe sərgiləməsi ilə mümkün ola biləcəyini istisna etməyib, lakin bunun ehtimalını çox zəif hesab edib. O əlavə edib ki, Hindistan əhalisinin sayına görə dünyanın ən böyük ölkəsi kimi bu məsələdə israrçı olmalıdır: "Hindistan öz qanuni hüququnu dünyaya xatırlatmalıdır. Hətta islahat mümkünsüz görünsə belə, bu mövzuda danışmaq vacibdir. Qlobal Cənub da bunu anlayır".
Qeyd edək ki, sentyabrın 16-da Antonio Quterreş TŞ-nin islahatlara ehtiyac duyduğunu bildirib. Onun sözlərinə görə, hazırkı tərkib müasir dövrü deyil, 1945-ci ilin reallıqlarını əks etdirir və bu da legitimlik və effektivlik problemləri yaradır. Baş katib Fransanın və Böyük Britaniyanın təklif etdiyi kimi, xüsusilə insan haqlarının kütləvi şəkildə pozulduğu hallarda veto hüququnun məhdudlaşdırılmasına "simpatiya ilə" yanaşdığını da vurğulayıb.