Putin Fransanın qaz nəhənginin aktivlərini heç bir işçisi olmayan firmaya verdi
16:09 DünyaAir Liquide - sənaye və tibbi qazların ən iri istehsalçılarından biri olan fransız şirkətidir. Rusiyada şirkətin 720 əməkdaşı var, onunla bağlı hüquqi şəxslərin 2021-ci ildəki dövriyyəsi isə 17,2 milyard rublu (təxminən 234 milyon ABŞ dolları) təşkil edib.
Rusiya prezidenti Vladimir Putin Fransaya məxsus Air Liquide şirkətinin Rusiya aktivlərini "müvəqqəti idarəetmə"yə verilməsi barədə fərman imzalayıb.
Olaylar.az xarici agentliklərə istinadən xəbər verir ki, sənəddə konkret olaraq hansı hüquqi şəxsin nəzərdə tutulduğu göstərilməsə də, mətbuatda bunun "Çerkezovo" aqroholdinqi ilə bağlı ola biləcəyi iddia olunmuşdu. Lakin şirkət nümayəndəsi bunu təkzib edib.
Bu yaxında hüquqi şəxslərin reyestrində yeni məlumatlar ortaya çıxıb: idarəçi olaraq Taqanroqda qeydiyyatdan keçmiş "M-Loqistika" MMC göstərilib. Şirkət 2024-cü ilin martında təsis olunub və heç bir işçisi yoxdur. Onun yeganə təsisçisi və direktoru 46 yaşlı Moskva sakini Artyom Serebrennikovdur.
Serebrennikov 2022-2024-cü illərdə Air Liquide şirkətinin Rusiyadakı nümayəndəliyində dövlət orqanları ilə iş üzrə direktor vəzifəsində çalışıb. Bundan əvvəl isə o, İntertest ASC-yə rəhbərlik edib - bu şirkət "Vostoçnıy" kosmodromunun tikintisinin podratçısı olub. Sözügedən tikinti korrupsiya qalmaqalları və oğurluq cinayət işləri ilə yadda qalıb.
Fəaliyyətinə görə Serebrennikovun Dmitri Roqozinin ailəsi ilə əlaqələri də diqqət çəkib: o, Moskva vilayətinin Praktiki Atıcılıq Federasiyasının rəhbərliyində sabiq vitse-premyerin oğlu Aleksey Roqozinlə birlikdə yer alıb.
Xatırladaq ki, 2023-cü ildən Rusiyada xarici şirkətlərin aktivlərinin "müvəqqəti idarəetmə"yə verilməsi kampaniyası aparılır. Prezidentin imzaladığı bu tip fərmanlar praktikada faktiki mülkiyyətçinin dəyişməsi və aktivlərin hakimiyyətə yaxın strukturlar arasında yenidən bölüşdürülməsi ilə nəticələnir.