ABŞ-Çin danışıqları: Əməkdaşlıq siqnalı, yoxsa qarşıdurma? - ÖZƏL

ABŞ dövlət katibi Marko Rubio ilə Çinin xarici işlər naziri Van Yi arasında telefon danışığı baş tutub. Müdafiə nazirlərinin danışığından sonra bu, həftə ərzində ABŞ və Çin yüksək vəzifəli rəsmiləri arasında ikinci rəsmi təmasdır. Van Yi ABŞ-ni Çinin əsas maraqlarına, xüsusilə Tayvan məsələsinə hörmət etməyə çağırıb və "daxili işlərə qarışmamağı" tələb edib. ABŞ tərəfi isə açıq və konstruktiv dialoqun vacibliyini vurğulayıb.

Maraqlıdır, hərbi və diplomatik təmasların artması iki ölkə arasında yeni qarşıdurma, yoxsa əməkdaşlıq siqnalıdır? Bu telefon danışığı ABŞ-Çin münasibətlərində gərginliyi yumşalda bilərmi?

"Amerika Birləşmiş Ştatları və Çin hazırda dünyanın iki supergüc dövlətidir. Maraqlı olan tərəf ondan ibarətdir ki, bu iki dövlət bir-birilə necə davranacaqlarını və bir-birinə qarşı hansı mövqedən çıxış edəcəklərini hələ tam şəkildə müəyyənləşdirə bilməyiblər".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a danışarkən siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, hər iki dövlətin bir-biri ilə toqquşan, kəskin maraqları mövcuddur. Eyni zamanda üst-üstə düşən maraqları da var. Yəni, bu iki dövlət amansız rəqib olsalar da, eyni zamanda bir-birindən asılı vəziyyətdədirlər. 

Siyasi şərhçinin sözlərinə görə, Tramp administrasiyasının əsas hədəflərindən biri ondan ibarətdir ki, ABŞ-nin Çindən asılılığını tamamilə aradan qaldırsın. Çünki iqtisadi-ticari baxımdan son 10 ildə Çin ABŞ-nin önünə çıxıb və Çin istehsalı olan məhsullar ABŞ-də ön plandadır. Bu baxımdan hazırda Tramp administrasiyasının əsas hədəflərindən biri Çinlə iqtisadi və ticarət rəqabətində daha güclü mövqelərə gəlməkdir. Ancaq hələlik  Ağ Ev bu hədəfinə o qədər də yaxınlaşmayıb. Çünki Tramp administrasiyası Çinə qarşı gömrük rüsumlarını yüksəltmək niyyətində olsa da, rəsmi Pekinin operativ verdiyi cavab ABŞ üçün ciddi problemlər yaratdı və ona görə də Tramp administrasiyası bu məsələdə dərhal geri çəkilmək məcburiyyətində qaldı. Yəni, bu iki dövlət arasında olduqca ciddi problemlər var, eyni zamanda onlar qarşılıqlı olaraq bir-birindən asılıdırlar. Bütün bunları nəzərə alaraq  ABŞ-nin Çinlə bağlı yekun xarici siyasətini müəyyənləşdirməkdə çətinlikləri qalır. 

E. Xalidbəyli əlavə edib ki, Çin də ABŞ-yə münasibətdə prinsipial qərarlar qəbul etməkdə tərəddüd edir. Çinə sərf edir ki, ABŞ-nin iştirakçısı olduğu beynəlxalq proseslərin içində qalmaqda davam etsin. ABŞ-yə isə sərf edir ki, Çin mümkün qədər dünya bazarlarından və hərbi-siyasi məkanlardan sıxışdırılsın. Hazırda ən ziddiyyətli məqamlardan biri odur ki, ABŞ Tayvanı dəstəkləməkdə davam edir. Çin isə Tayvanı öz ərazisi hesab edir. Yəni, bu məsələ ətrafında hər iki dövlətin mövqeləri kəskin şəkildə toqquşur. Digər tərəfdən, ABŞ istəmir ki, Çin Rusiya, İran, Şimali Koreya və eyni zamanda Hindistanla vahid düşərgədə təmsil olunsun. Ancaq buna baxmayaraq, son vaxtlar Çin Asiyada, o cümlədən Rusiya, Şimali Koreya, İran və Hindistan üzərində öz təsir mexanizmlərini gücləndirib və yeni qütbləşmə prosesində vahid düşərgə yaradılmasına yönəlik addımlar atır. 

"Böyük ehtimalla, yaxın gələcəkdə də bu iki dövlət arasında kəskin ziddiyyətlər mövcud olacaq və bu ziddiyyətlərin nəticəsi olaraq da gərginliyin yumşalması deyil, daha da yüksəlməsi ehtimalı daha inandırıcı görünür", - deyə ekspert vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31