Bir həftədə ikinci ABŞ-Çin yüksək səviyyəli təması: Nə müzakirə olunub?
11 Sentyabr 10:23 DünyaABŞ dövlət katibi Marko Rubio ilə Çinin xarici işlər naziri Van Yi arasında telefon danışığı baş tutub.
Olaylar.az xəbər verir ki, müdafiə nazirlərinin danışığından sonra bu, həftə ərzində ABŞ və Çin yüksək vəzifəli rəsmiləri arasında ikinci ilə təmasdır.
Çin tərəfinin yaydığına görə, telefon danışığında Van Yi deyib ki, Birləşmiş Ştatlar Çinin əsas maraqlarına, o cümlədən Tayvana toxunan məsələlərə ciddi diqqət yetirməlidir:
"Xüsusən də Tayvan kimi Çinin əsas maraqlarına toxunan məsələlərdə ABŞ tərəfi ehtiyatlı davranmalıdır. Birləşmiş Ştatların son zamanlar etdiyi mənfi çıxışlar və fəaliyyətlər Çinin qanuni hüquq və mənafelərinə xələl gətirib. ABŞ Çinin daxili işlərinə qarışıb və bu, Çin-ABŞ əlaqələrinin yaxşılaşması və inkişafı üçün əlverişli deyil. Çin buna qəti şəkildə qarşı çıxır".
Çinli nazirə görə, Pekin və Vaşinqton "yeni dövrdə dünya sülhü və rifahı üçün əməkdaşlıq etməli, müxtəlif qlobal çağırışların öhdəsindən gəlməli və böyük ölkələrin məsuliyyətlərini çiyinlərinə götürməlidir".
Çin Xarici İşlər Nazirliyi qeyd edib ki, "hər iki tərəf bu çağırışın vaxtında, zəruri və səmərəli olduğuna inanır".
ABŞ Dövlət Departamentinin söhbətlə bağlı bəyanatında isə deyilir ki, Rubio "bir sıra ikitərəfli məsələlər üzrə açıq və konstruktiv ünsiyyətin vacibliyini vurğulayıb".