Ekspert: “Aİ-nin sanksiyaları İsrailin HƏMAS-a qarşı siyasətini dəyişməyəcək” - ÖZƏL
15:40 DünyaAvropa Komissiyasının İsrailə qarşı sanksiyalar tətbiq etmə planı Yaxın Şərqdəki vəziyyəti dəyişməyəcək. Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktorunun müşaviri Vladimir Fitin TASS-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, İsrail ABŞ-nin tam dəstəyinə güvəndiyi üçün Avropa İttifaqının addımları onun siyasətinə ciddi təsir göstərməyəcək: "Hazırda İsrailin fəaliyyətinə heç nə təsir etmir, çünki onlar ABŞ-nin hərtərəfli dəstəyinə arxalanırlar. Yalnız Vaşinqton siyasətini dəyişsə, bu, İsrailə real təsir göstərə bilər. Amma hələ ki ABŞ tam şəkildə dəstəyini davam etdirir". Fitin etiraf edib ki, mümkün sanksiyalar İsrailin iqtisadi durumunu müəyyən qədər çətinləşdirə bilər. "Bu, mal və xidmətlərin Avropa ilə mübadiləsinə məhdudiyyətlər gətirə bilər", - deyə o qeyd edib. Ekspertin sözlərinə görə, İsrail yaxın vaxtlarda HƏMAS-ı tamamilə zəiflətməyi hədəfləyir və bundan sonra Aİ-nin mövqeyinin yumşalacağını düşünür: "Hakimiyyət hesab edir ki, əməliyyat başa çatandan sonra hər şey əvvəlki axarına qayıdacaq və Aİ-nin sərt mövqeyi tədricən yumşalacaq".
Xatırladaq ki, sentyabrın 9-da İsrail Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə zərbələr endirib. Qətər DİN-in məlumatına görə, nəticədə təhlükəsizlik qüvvələrinin əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb. HƏMAS isə rəhbər heyət üzvlərinin ölməsi barədə xəbərləri təkzib edib, lakin hücumda altı nəfərin, o cümlədən Qəzzadakı liderlərdən Xalil əl-Heyyanın oğlunun və qətərli təhlükəsizlik əməkdaşının öldüyünü təsdiqləyib. Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Parlamentində çıxışı zamanı İsrail hökumət üzvlərinə qarşı sanksiyaların tətbiqini, həmçinin Assosiasiya Sazişinin dayandırılmasını təklif etdiyini açıqlamışdı.