Alimlər: Arktika və Antarktikada “iqlim mühəndisliyi” təhlükəli və nəticəsiz ola bilər – ÖZƏL
15:37 DünyaOlaylar.az xəbər verir ki, onlarla qütb alimi xəbərdarlıq edib ki, iqlim dəyişikliyi ilə mübarizə məqsədilə Arktika və Antarktikada aparılması nəzərdə tutulan müdaxilə layihələri təhlükəli, az effektli və əsas hədəfdən - fosil yanacaqlardan imtina zərurətindən - diqqəti yayındıra bilər.
Söhbət qeyri-ənənəvi "geoinjeneriya" üsullarından gedir. Bu metodlar Yer kürəsini süni şəkildə soyutmaq üçün, məsələn, dəniz buzunu qalınlaşdırmaq və ya atmosferə günəş şüalarını əks etdirən mikroskopik hissəciklər buraxmaq kimi ideyaları əhatə edir.
Lakin Frontiers in Science jurnalında dərc edilən yeni icmalda 40-dan çox tədqiqatçı belə layihələrin ekoloji baxımdan ciddi risklər daşıdığını və həyata keçirilməsinin real olmadığını bildirib. Alimlərin sözlərinə görə, bu yanaşmalar qlobal istiləşmənin səbəblərini aradan qaldırmır, sadəcə simptomlarla mübarizə aparır.
Ekspertlər xəbərdarlıq edirlər ki, belə layihələr beynəlxalq mübahisələrə yol aça bilər, çünki Arktika və Antarktikanın idarə olunması qlobal səviyyədə həssas məsələdir. Həmçinin, bu cür təşəbbüslər sanki dekarbonizasiya alternativi varmış kimi yanlış təsəvvür yaradır.
Professor Martin Ziqert (Exeter Universiteti) bildirib: "Əgər bu ideyalar irəli sürülməyə davam edərsə, iqlim böhranının həlli üçün əsas yol olan karbon emissiyalarının azaldılmasından diqqət yayındırılacaq."
Mütəxəssislər yekun olaraq vurğulayıblar ki, iqlim dəyişikliyi ilə mübarizədə yeganə etibarlı yol "təmiz sıfır" hədəfinə, yəni istixana qazlarının istehsalı ilə atmosferdən çıxarılması arasında balansın yaradılmasına nail olmaqdır.