İran, İsrailin Təl-Əviv şəhərini ballistik raketlərlə vurmasının ardından Hürmüz boğazını gəmi hərəkətinə bağladığını elan edib.
Bu barədə İran ordusun rəsmi açıqlama yayıb.
Açıqlamada deyilir: "Yeni bir bildirişə qədər Hürmüz boğazından heç bir gəminin keçidinə icazə verilməyəcək".
Bu strateji addım qlobal enerji bazarlarında ciddi təlatümlərə səbəb ola bilər.
İsrailin hücumları regionu alova çevirib
İsrail 13 iyun tarixində İranın nüvə obyektlərini və hərbi komandanlıq strukturlarını hədəf alan genişmiqyaslı hava hücumları həyata keçirdi. Nəticədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun baş komandanı, bir neçə yüksək rütbəli hərbçi və 9 nüvə alimi həyatını itirib. Mülki itkilərin sayı isə 78 nəfər olaraq açıqlanıb.
İran bu hücuma cavab olaraq Təl-Əvivə ballistik raketlərlə zərbələr endirib, nəticədə ilkin məlumatlara görə 3 nəfər ölüb, 91 nəfər yaralanıb.
Neft qiymətləri yenidən yüksəlir
İranın Hürmüz boğazını bağlaması neft bazarlarında təzyiqi artırıb. İsrail-İran qarşıdurmasının ilk saatlarında neft qiymətləri 7%-dən çox artaraq 73,58 ABŞ dollarına yüksəlib - bu, son 5 ayın ən yüksək göstəricisidir. İndi isə qiymətlərin 100 dollara qədər yüksələcəyi gözlənilir.
Hürmüz boğazı enerji bazarlarının sinir nöqtəsidir
Basra körfəzini Hind okeanı və dünya bazarları ilə birləşdirən Hürmüz boğazı qlobal enerji ticarəti üçün həyati əhəmiyyət daşıyır. Günlük 17-20 milyon barel xam neft və kondensat bu boğaz vasitəsilə daşınır.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, bu neftin 70%-i Asiya ölkələrinə - Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Sinqapur və s. - göndərilir. Eyni zamanda, Qətər və BƏƏ-nin LNG (mayeləşdirilmiş təbii qaz) ixracı da əsasən Hürmüz boğazından həyata keçirilir.
Beynəlxalq ekspertlər: bu, bazarlar üçün "ən pis ssenaridir"
Böyük beynəlxalq dənizçilik təşkilatları - UKMTO və BIMCO - gərginliyin kritik su yollarında hərbi eskalasiyaya və logistik pozuntulara səbəb ola biləcəyini bildirib.
Küresel Risk İdarəetmə Mərkəzinin rəhbəri Arne Lohmann Rasmussen isə bildirib ki, Hürmüz boğazının bağlanması halında dünya üzrə neft axınının 20%-i dayanacaq, bu da qiymətləri kəskin artıracaq. O, bunu "neft bazarları üçün ən böyük kabus" adlandırıb.
İranın iqtisadi zərbə riski
Bəzi analitiklər hesab edir ki, İran bu boğazı tamamilə bağlamaq istəməz, çünki ölkənin neft ixracının böyük hissəsi də bu keçiddən asılıdır. İranın ən böyük alıcısı olan Çin də neftinin əsas hissəsini bu boğazdan alır.