Tramp: “İran cavab versə, ABŞ İsraili müdafiə edəcək” – ÖZƏL

ABŞ prezidenti Donald Tramp, İsrailin İrana endirdiyi zərbələrə Tehranın mümkün cavabına qarşı İsraili müdafiə etməyə hazır olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Fox News jurnalisti Cennifer Qriffin "X" sosial şəbəkəsində paylaşıb.

Qriffinin sözlərinə görə, Tramp vəziyyəti yaxından izləyir; ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) yüksək döyüş hazırlığına gətirilib. "Əgər İran cavab zərbəsi endirsə, ABŞ həm özünü, həm də İsraili müdafiə edəcək", - deyə jurnalist Trampın sözlərini sitat gətirib.

Qriffin əlavə edir ki, Tramp administrasiyası hücumdan əvvəl Yaxın Şərqdəki əsas müttəfiqlərdən biri ilə əlaqə saxlayaraq əməliyyatda ABŞ-nin iştirak etmədiyini, məqsədin isə İranı danışıqlar masasına qaytarmaq olduğunu vurğulayıb.

Adı açıqlanmayan ABŞ rəsmiləri jurnalistə bildiriblər ki, son həftələrdə İsrailin "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemi üçün raket ehtiyatı artırılıb.

Xatırladaq ki, bundan əvvəl İsrail hökuməti İranın, o cümlədən nüvə obyektlərinin bombalandığını açıqlamış, baş nazir Benyamin Netanyahu əməliyyatın İranın nüvə proqramını ləngitməyi hədəflədiyini və zərbələrin davam edəcəyini bəyan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31