Tehran rejimi generalların dəfn mərasimini təxirə saldı – Yeni hücumlar gözlənilir
15 İyun 19:20 Dünyaİranın paytaxtı Tehranda son raket hücumlarında həlak olan yüksək rütbəli hərbi komandirlərin və digər şəhid elan olunan şəxslərin dəfn mərasimləri qeyri-müəyyən vaxta təxirə salınıb.
Musavat.com xəbər verir ki, məlumatı "Tasnim" agentliyi yayıb.
İran Silahlı Qüvvələrinin "Böyük Tehran Ordusu" komandanlığı açıqlama yayaraq bildirib ki, "şərəf və ixtiyar şəhidlərinin müqəddəs cənazələri" üçün əvvəlcədən planlaşdırılmış çərşənbə axşamı dəfn mərasimi keçirilməyəcək. Yeni tarix daha sonra açıqlanacaq.
Mənbələrin verdiyi məlumatlara görə, dəfnlərin təxirə salınması Tehranın yaxın saatlarda və günlərdə yenidən İsrailin hava hücumlarına məruz qalması ehtimalı ilə bağlıdır. İran tərəfi hazırda hərbi və mülki obyektlərə əlavə zərbələrin endiriləcəyini gözlədiyindən, genişmiqyaslı matəm tədbirləri üçün təhlükəsizlik zəmanəti verə bilmir.
Xatırladaq ki, ötən günlərdə İranın müxtəlif əyalətlərinə edilən hava və raket zərbələri nəticəsində bir neçə yüksək rütbəli komandan - o cümlədən general rütbəli şəxslər - həyatını itirib. Onların arasında İran Silahlı Qüvvələrinin rəisi, polis sisteminin rəhbər şəxsləri və "Sepah" komandanı dsxil olmaqla, hərbi elitanın 20-ə yaxın üzvü yer alır.
Tehran rejimi bu itkilərə baxmayaraq şəhidlik ritorikasını gücləndirməyə çalışsa da, real təhlükə və mümkün yeni zərbələr ölkə daxilində matəm tədbirlərinin açıq formada keçirilməsini mümkünsüz edir.