Suriya Prezidenti ilə İLK MÜSAHİBƏ: şəriət dövləti quracaq?
14:47 DünyaSuriya Prezidenti Əhməd əş-Şəra Britaniyanın "The Economist" jurnalına müsahibə verib. Bu, onun müvəqqəti prezident olmasından sonra ilk geniş müsahibəsidir. Müsahibə yanvarın 31-də Dəməşq şəhərində götürülüb.
Olaylar.az modern.az-a istinadla xəbər verir ki, müsahibəni Azərbaycan dilində oxuculara təqdim edir:
- Söhbətə Suriya ilə bağlı baxışınızı təsvir etməklə başlaya bilərsiniz. Ölkəni beş ildən sonra harada görürsünüz? Həmin vaxt Suriya necə olacaq?
- İlk növbədə, Suriya 54 il əvvəlki rejimin nəzarətində qaldı. Bu 54 il ərzində ölkə çoxsaylı fəlakətlər yaşadı. Suriya regional səviyyədə insan resurslarının inkişafı, iqtisadiyyat və qonşu ölkələrlə siyasi əlaqələr baxımından geriləmə dövrü keçirdi. Keçmişdə Suriya bütün qonşu ölkələr üçün narahatlıq mənbəyi idi. Eyni zamanda, dövlət vətəndaşlarına qarşı əsas vəzifələrini yerinə yetirə bilmirdi. Əvvəlki rejim üçün ən vacib məsələ hakimiyyətdə qalmaq və bunu təhlükəsizlik metodları ilə təmin etmək idi. Bu metod isə, sizin də Saydnaya həbsxanasında gördüyünüz kimi, işgəncə, həbslər və insanları döyməkdən ibarət idi. İnsanlar rejimə qarşı üsyan qaldırdıqda isə kimyəvi silahlar, partlayıcı bombalar və digər qəddar üsullardan istifadə etdi.
Eyni zamanda, əvvəlki rejim dövründə Suriyada sosial parçalanma baş verdi. Rejim cəmiyyətin müəyyən bir hissəsinə arxalanaraq digər qrupları kənarda qoyurdu ki, bu da ölkədə tammiqyaslı vətəndaş müharibəsi təhlükəsi yaradırdı.
İqtisadi baxımdan isə bütün sahələr demək olar ki, tamamilə dağıldı. Çünki rejim ölkənin iqtisadi inkişafı üçün deyil, dövlətin sərvətlərini oğurlayıb qanunsuz yollarla xaricə çıxarmaq üçün çalışırdı.
Buna görə də, növbəti beşillik dövr dövlətin yeni və müasir prinsiplər əsasında bərpasına həsr olunacaq. Ədalətin və məsləhətləşmələrin təşviq olunması, eyni zamanda, cəmiyyətin bütün təbəqələrinin dövlət idarəçiliyində iştirak etməsi əsas prinsip olacaq. Növbəti beş ildə bir neçə mühüm mərhələni keçməyi planlaşdırırıq. Qarşıdakı çətinlikləri və maneələri rahat şəkildə aşmağa ümid edirik və bu yolda Suriya xalqının müdrikliyinə və xalqın bütün təbəqələrinin nümayiş etdirdiyi bağışlayıcılığa güvənirik.
Siyasi və beynəlxalq əlaqələr baxımından isə əvvəlki rejim dövründə Suriya böyük bir təcrid içində idi. Qonşu ölkələrlə münasibətlərə gəlincə, rejim Livanda ciddi problemlər yaratmışdı. Livanda öldürülən bütün əsas siyasi liderlər və nüfuzlu şəxslər məhz əvvəlki rejimin əli ilə qətlə yetirilmişdi. Rejimin Livana müdaxiləsi düzgün deyildi. Nəticədə, Suriya Livanı tərk etdikdən sonra Hizbullahı orada buraxdı və o, ölkəni mənfi şəkildə idarə etdi, nəticədə Livan tammiqyaslı müharibəyə sürükləndi.
İordaniyaya gəlincə, əvvəlki rejim bu ölkəyə birbaşa narkotik maddələr ixrac edirdi. İraqla əlaqələr isə uzun müddət kəsilmişdi-əvvəlcə Səddam Hüseyn dövründə, daha sonra isə ABŞ-ın İraq işğalından sonra rejim bu ölkəyə problemlər ixrac etməyə davam etdi. Türkiyə də əvvəlki rejimlə ciddi çətinliklər yaşadı. Körfəz ölkələri isə Suriyadakı İran gücündən mənfi təsirləndi. Hətta Avropa ölkələri belə, əvvəlki rejimin insan alveri və qaçqın böhranı yaratmaq yolu ilə onlara təzyiq göstərməsi nəticəsində zərər gördü. Rejim insanları satmaq və onları Avropaya məcburi şəkildə köçürmək vasitəsilə maddi qazanc əldə etməyə çalışırdı.
Gördüyünüz kimi, Suriyada həll edilməli olan bir çox ciddi problemlər var və bu məsələlərə sürətli və effektiv şəkildə yanaşmaq lazımdır. Bu məsələlər arasında ən vacibi Suriyada xalqın vahid şəkildə birləşməsidir. Bu, bizim ən böyük sərvətimizdir və şükürlər olsun ki, bu, artıq reallaşıb. Baxmayaraq ki, biz Dəməşqə hərbi əməliyyat nəticəsində daxil olduq, bu döyüş əsasən mərhəmət və bağışlanma ilə xarakterizə olunurdu. Dəməşqə daxil olma üsulumuz məhz şəhərdə vətəndaş sülhünün formalaşmasında həlledici rol oynadı. Hazırda burada və orada bəzi pozuntular baş versə də, bunlar minimaldır.
Digər vacib məqam Suriyanın güclü iqtisadiyyat qurmasıdır. Hazırda ölkədə iqtisadiyyatın bərpası üçün işlər aparırıq. Təhlükəsizlik baxımından isə silahların nəzarət altına alınması böyük çağırışdır. Biz bu istiqamətdə uzun yol qət etmişik, lakin hələ də Suriya Demokratik Qüvvələrinin (SDF) nəzarətində olan və ya PKK-nın işğal etdiyi Şimali-Şərqi Suriyada tam nəzarət bərpa olunmayıb. Onlarla danışıqlar aparırıq və ümid edirik ki, bu məsələ qarşıdurma olmadan həll ediləcək.
Eyni zamanda, qısa müddət ərzində Suriyanın regional və beynəlxalq ölkələrlə əlaqələrinin bərpası üçün səylər göstərmişik və Allaha şükürlər olsun ki, bu sahədə çox uğur əldə etmişik. Əgər növbəti beş il ərzində işlər bu şəkildə davam edərsə, inanıram ki, Suriyanın gələcəyi çox parlaq olacaq.
Lakin Suriya xalqının əziyyətini daha da artıran iki əsas məsələ var. Birincisi, ABŞ-ın keçmiş rejimin öz xalqını qətlə yetirdiyinə görə tətbiq etdiyi sanksiyaların hələ də qüvvədə qalmasıdır. Digəri isə İsrailin son dövrlərdəki irəliləyişidir ki, bu da həll olunmalıdır. İsraillilər geri çəkilməlidirlər, əks halda bu irəliləyiş gələcəkdə böyük problemlərə səbəb olacaq.
- Bilmək istərdim ki, sizin üçün nümunəvi siyasi lider kimdir? Corc Vaşinqton? Məhəmməd bin Salman? İlham aldığınız şəxs kimdir?
- Suriya konteksti istisnadır və hər bir ölkədə özünəməxsus vəziyyət var. Siyasi həllər mövcud hadisələrdən doğmalıdır, ona görə də xarici siyasi təcrübələri götürüb Suriyaya tətbiq etməyin doğru yanaşma olduğunu düşünmürəm. Mən ərəb, beynəlxalq və islam tarixini, həmçinin Şərq, Qərb, Şimal və Cənub bölgələrinin tarixini oxumuşam. Dünyada baş verən hadisələrdən dərs çıxarmağa çalışmışıq, xüsusən də son yüz ildə baş verən I və II Dünya Müharibələrini diqqətlə təhlil etmişik. Bundan əlavə, ərəb regionu da müxtəlif çətinliklərdən keçib. Bu səbəbdən region dərslərlə zəngindir və tarixdən çox şey öyrənmək mümkündür. Biz bütün bu təcrübələrdən faydalanmağa çalışırıq və məsələlərə müstəqil yanaşma tərzi formalaşdırmağa səy göstəririk. Sizin adını çəkdiyiniz liderlər ölkələrini idarə etməkdə uğurlu olublar, lakin Suriyanın vəziyyəti fərqlidir.
- Siz müasir və inklüziv Suriyadan danışdınız, lakin iki gün əvvəl keçirilən görüşünüzün görüntülərinə baxanda o qədər də inklüziv görünmürdü. Siz hərbi geyimdə idiniz, ətrafınızda yalnız hərbi liderlər var idi. Açığı, bu daha çox hərbi çevrilişi xatırladırdı, nəinki demokratik bir dövlətin başlanğıcını. Nəsə gözdən qaçırmışam? Bu yeni, hər kəs üçün açıq bir dövlətin qurulması təsiri bağışlamırdı.
- Həmin görüş rejimin devrilməsində iştirak edən bütün inqilabi qruplaşmalar üçün təşkil olunmuşdu. Bildiyiniz kimi, rejim siyasi yollarla deyil, hərbi mübarizə nəticəsində devrildi, çünki o, irəli sürülən bütün siyasi həll təkliflərini rədd etmişdi. Rejimə verilən yerli və beynəlxalq fürsətlərdən istifadə etmək imkanı var idi, lakin o, bu imkanlara mənfi yanaşdı. Nəticədə, xalqın qarşısında yalnız bir seçim qaldı - hərbi əməliyyatlar. Rejim hərbi yolla devrildikdən sonra Suriyanın gələcəyi ilə maraqlanan çoxlu insan var idi. Biz geniş məsləhətləşmələr apardıq, hüquqşünaslar və ekspertlərlə görüşdük. Bildiyiniz kimi, son iki ay ərzində Suriyada hakimiyyət boşluğu yaranmışdı və bu boşluq doldurulmalı idi. Hüquq mütəxəssisləri bizə bildirdilər ki, beynəlxalq təcrübəyə əsasən, inqilabın qələbəsini təmin edən qüvvə ölkənin liderini seçmək hüququna malikdir. Burada isə qələbəni təmin edən qüvvələr əsasən hərbi idi.
Bu vəziyyətə uyğun hərəkət etməli oldum. Mən eyni zamanda rejimi devirən döyüşlərdə komandanlıq etmişəm və bu vəziyyətə uyğun şəkildə davranmağım vacib idi. Görüş əsasən Hərbi Əməliyyatlar İdarəsi və rejimi devirməkdə iştirak edən hərbi qruplar üçün təşkil olunmuşdu. Buna görə də, onların arasında uyğunsuzluq yaratmamaq üçün hərbi geyimdə iştirak etdim. Lakin bu, ölkənin hərbi rəhbərlik altında idarə ediləcəyi mesajını vermir. Əksinə, bu, hərbi qruplarla razılaşma əldə etmək üçün bir addım idi, çünki Suriyanın qarşısında duran ən böyük problemlərdən biri silahların dövlətin nəzarəti altına alınmasıdır. Bunu razılıq yolu ilə həll etmək müsbət haldır. Bu, Suriya xalqına da inam verir ki, silahlı qruplar ölkə rəhbərliyini könüllü olaraq qəbul ediblər və bu, qarşıdurmalara səbəb olmayıb. Bir çox ölkələrdə inqilablar qələbə çaldıqdan sonra silahlı qruplar arasında daxili çəkişmələr başlayır və nəticədə xaos yaranır. Allaha şükürlər olsun ki, Suriya xalqının və inqilabi qrupların yetkinliyi bizi belə bir vəziyyətdən qorudu. Onlar bir araya gələrək Suriyanın gələcəyini müəyyənləşdirəcək əsas məsələlər üzrə razılığa gəldilər və ölkədə hakimiyyət boşluğu dolduruldu. Suriya azad və ədalətli seçkilərə hazır olana qədər bu proses davam edəcək.
- Dünən axşam siz gələcək yol xəritəsini açıqladınız və keçid hökumətinin azad və ədalətli seçkilər keçirənə qədər ölkəni idarə edəcəyini bildirdiniz. Bu seçkilərin nə zaman keçiriləcəyini gözləyirsiniz və bu seçkilərə prezident seçkiləri də daxil olacaqmı?
- Şükürlər olsun ki, dünənki çıxışımı hərbi formada yox, kostyumda etdim, amma bəlkə siz bunu görməmisiniz.Əvvəla, son on dörd il ərzində Suriyanın yarıya qədəri ölkəni tərk edərək müxtəlif ölkələrə sığınıb. Onların əksəriyyətinin Suriya ilə hüquqi əlaqələri yoxdur. Çoxlu doğum və ölüm hadisələri dövlət qeydiyyatına alınmayıb. Bəzi insanlar yeni vətəndaşlıqlar alıb və Suriya vətəndaşlığından imtina ediblər, ya da əvvəlki rejimə görə bu məsələyə artıq önəm vermirlər.
Bundan əlavə, Suriya hələ də tam nəzarət altına alınmayıb. SDF-nin nəzarətində olan ərazilər var və orada böyük əhali yaşayır. Son on beş ildə Suriyada dəqiq statistika aparılmayıb. Hazırda ölkədə əhalinin sayı, gənclərin sayı və səsvermə hüququ olan şəxslərin sayı barədə heç bir dəqiq məlumat yoxdur. Çoxlu vacib məlumatlar çatışmır və hazırkı vəziyyətdə keçirilən seçkilər sağlam əsaslara söykənməyəcək.
Ona görə də, Suriyada azad və ədalətli seçkilərin keçirilməsi üçün əhali sayımı aparılmalı, xaricdə yaşayan suriyalılar qayıtmalı, səfirliklər açılmalı və insanların dövlətlə hüquqi əlaqələri bərpa olunmalıdır. Bundan əlavə, qonşu ölkələrdəki qaçqın düşərgələrində olan və rəsmi qaçqın statusu almayan şəxslərin qeydiyyata alınması lazımdır.
Bütün bu proses vaxt tələb edir. Ekspertlərimiz bildirirlər ki, bunun üçün ən azı üç-dörd il lazımdır. Bu müddətdə biz seçki qanunvericiliyini, konstitusiyanı və ölkənin idarəçiliyini tənzimləyəcək qanunları hazırlayırıq. Bütün bu proseslər beynəlxalq ekspertlər və Birləşmiş Millətlər Təşkilatı ilə məsləhətləşmələr əsasında aparılır. Bu işlər tamamlandıqdan sonra tam şəffaf və legitim seçkilər keçiriləcək.
- Prezident seçkiləri də keçiriləcəkmi?
- Əlbəttə.
- Siyasi partiyalar bu seçkilərdə iştirak edə biləcəkmi?
- Bu, mənim qərar verəcəyim məsələ deyil. Konstitusiya komitəsi bu məsələyə baxacaq. Komitə yüksək ixtisaslı və etibarlı ekspertlərdən ibarətdir. Onlar Partiyalar Qanununu müəyyən edəcəklər və hansı partiyaların qurula biləcəyi və seçkilərdə iştirak edə biləcəyi barədə qərar qəbul edəcəklər. Mənim rolum isə qəbul olunacaq qanunları icra etməkdir.
- Sadə şəkildə soruşum: Suriya demokratiyaya çevriləcəkmi? Çünki sizin bu sözü işlətmədiyinizi görürəm.
- Bizim regionda demokratiyanın müxtəlif tərifləri var. Əgər demokratiya xalqın öz liderini və parlamentdəki təmsilçilərini seçməsi deməkdirsə, bəli, Suriya bu istiqamətdə irəliləyir.
- Dediyiniz kimi, yeni konstitusiyanın hazırlanması bir neçə il çəkəcək. Bu müddət ərzində hüquq sistemi və məhkəmələr mülki qaydalara əsaslanacaq, yoxsa Şəriət qanunları tətbiq olunacaq?
- İlk növbədə, dövlətin kimliyini, formasını, gələcəyini və bu sahədə mühüm məsələləri müəyyən edən konstitusiya bəyannaməsi qəbul ediləcək. Bundan əlavə, Ali Məhkəmə Şurası mövcuddur. Biz əvvəlki qanunların hamısını birdən ləğv edə bilmərik, çünki açıq qalan çox sayda məhkəmə işi var. Hazırda məhkəmələrdə 150 mindən çox açıq iş var və yeni qanunlar qəbul edilmədən onların ləğvi mümkün deyil. Lakin hüquq sahəsində ixtisaslaşmış ekspertlər və mütəxəssislərdən ibarət komitələr vasitəsilə yeni qanunlar təklif ediləcək və Suriyanın mövcud vəziyyətinə uyğun gəlməyən köhnə qanunlar dəyişdiriləcək. Qəbul ediləcək hər bir qanun müvəqqəti parlament məclisinə təqdim olunacaq və onun qəbul edilib-edilməməsinə məhz bu qurum səsvermə yolu ilə qərar verəcək. Bundan əlavə, Ali Məhkəmə Şurası və Konstitusiya Məhkəməsi fəaliyyət göstərəcək, yəni ölkədə hər hansı bir qanunun qəbul edilməsi hüquqi prosedurlara əsaslanacaq. Bu, emosional və ya impulsiv bir proses deyil. Prezidentin istədiyi qanunu qəbul etdirmək səlahiyyəti yoxdur. Bunun əvəzinə, bütün proses konstitusiya bəyannaməsində müəyyən ediləcək ümumi prinsiplərə əsaslanacaq.
- Belə çıxır ki, Şəriət qanunlarının qəbul edilməsi mümkün ola bilər?
- Bu, ekspertlərin qərarına bağlıdır. Onlar bunu təsdiqləsələr, mənim rolum onu icra etməkdir; təsdiqləməsələr, mənim rolum yenə də onların qərarını icra etmək olacaq.
- Sualı verməyimin səbəbi odur ki, Suriyada və əlbəttə ki, xaricdə bəziləri narahatdırlar ki, siz konservativ İslam idarəçiliyini qəbul edəcəksiniz və məsələn, qadınların heç bir rolu olmayacaq. Sizin hökumətinizdə qadınlar həqiqi səlahiyyətə malik vəzifələrdə olacaqlarmı? Yalnız simvolik deyil, real gücə sahib olacaqlarmı?
- İlk növbədə, İslam sistemində qadınlar rol oynayır. Konservativ İslam sisteminin qadınlara yer vermədiyini iddia edənlər İslamı səhv başa düşürlər. Əlbəttə ki, qadınlar cəmiyyətin təxminən yarısını təşkil edir və hazırda universitetlərdə insan resurslarının əksəriyyətini qadınlar təşkil edir. Əmək bazarı isə qadınlar üçün geniş imkanlar təqdim edir. Suriya qadınları artıq işləyir, buna görə də işləmək istəyən qadınlar üçün əmək bazarı açıqdır.
- Sizin həyat yoldaşınız Suriyanın birinci xanımı olacaqmı?
- Ənənəyə görə, prezidentin həyat yoldaşı avtomatik olaraq bu mövqeni tutur. Buna görə də, əgər "Birinci Xanım" adlanan bir mövqe varsa, o, küçədən təsadüfi bir qadın tərəfindən tutulmayacaq. Lakin bizim "Birinci Xanım" anlayışımız onun cəmiyyətin xidmətçisi olmasıdır, insanlardan üstün olan bir şəxs deyil.
- Beş gündür ki, Suriyadayam və bir çox insanla danışmışam. İş adamları və digər insanlar arasında dəfələrlə eşitdiyim narahatlıq budur ki, siz hər şeyə həddindən artıq nəzarət edirsiniz və Suriyanı İdlibi idarə etdiyiniz kimi idarə etməyə çalışırsınız. Bu tənqid ədalətlidirmi? Ölkəni idarə edən insanların dairəsini necə genişləndirəcəksiniz?
- Əvvəla, İdlib bütün Suriya icmalarından insanlara sahib idi, ora Suriya xalqının əksəriyyətinin köç etdiyi bir yer idi. Dövlətin çökməsinin qarşısını almaq üçün ilk mərhələdə İdlibdəki geniş komandamıza güvəndik. Mən ora yalnız hərbi güclə daxil olmadım, eyni zamanda təmizlik, ali təhsil, ümumi təhsil, səhiyyə, idman və həyatın digər sahələrində çalışan insanları da əhatə edən mülki bir qüvvə ilə girdim.
- İnsanlar dairəsini genişləndirəcəksinizmi? HTŞ-dən ("Həyat Təhrir əş-Şam"- red.) kənar şəxslər daxil olacaqmı? Hazırda əsas şəxslərin əksəriyyəti İdlibdəndir.
- İlk mərhələdə dövlət institutlarının çökməsinin qarşısını almağa diqqət yetirdik, buna görə də İdlibdə formalaşdırılmış hökumət vasitəsilə onları nəzarət altına aldıq və cəmi üç ay vaxt verdik ki, İdlib daxilində məlumat toplayaq və insanlarla görüşək. Bu üç aydan sonra daha geniş və müxtəlif tərkibli bir hökumət qurulacaq, bütün cəmiyyətin təmsilçiləri iştirak edəcək, lakin seçim prosesi etnik mənsubiyyətə və ya dinə əsaslanmayacaq, yalnız kompetensiyaya əsaslanacaq.
- Bu, çox tezdir. Üç ay martın əvvəlində bitir. Daha geniş tərkibli hökumət məhz o zaman formalaşacaq?
- Bir ay sonra. Bəli, doğrudur.
- Təhlükəsizlik məsələsini müzakirə edək. Sizin üçün prioritet olduğunu qeyd etdiniz. İki gün əvvəl keçirilən görüşdə bir çox fraksiya liderləri iştirak edirdi, lakin hamısı sizə qoşulmağa razılaşmayıb. Silahlı və güclü kişiləri sizə tabe olmağa necə inandıracaqsınız? Onları necə idarə edəcəksiniz?
- İlk növbədə, sonuncu konfransda bütün fraksiyalar iştirak edirdi və son iki ay ərzində onlarla çoxlu görüşlər keçirmişəm. Onların hamısı orduya qoşulmağa və onun bir hissəsi olmağa razılıq verib, buna görə də dövlətin nəzarətindən kənar silahların qalacağını düşünmürəm. Əgər belə hallar olarsa, bu, qanunla qadağan ediləcək və dövlətin nəzarətindən kənar silah saxlayanlara qarşı tədbirlər görüləcək. Gələcəkdə dövlət qurmaq üçün vahid hərbi qurum çərçivəsində silah üzərində nəzarəti təmin edən bir qanun mütləq olmalıdır.
- Bəs şimal-şərq? Kürd bölgəsi? SDF ilə danışıqlar dayandırılıb. Kürdlərin istədiyi federal sistemə icazə verəcəksiniz, yoxsa zorakılıq riski var? Daha çox zorakılıq, vətəndaş müharibəsi?
- Əvvəla, Suriyada federal sistem xalq tərəfindən qəbul edilmir və gələcəkdə Suriya üçün faydalı olmayacağını düşünürəm, çünki bizim cəmiyyətlər federasiya sistemini tətbiq etməyə alışmayıb. Digər tərəfdən, həmin bölgədə ərəb çoxluğu var və onlar SDF-nin orada hökmranlığını qəbul etmir. Şimal-şərqdə, Türkiyə ilə uzunmüddətli münaqişə tarixçəsinə malik bəzi xarici qruplar da mövcuddur. Biz bütün dövlətlərə Suriyanın qonşu ölkələrə zərər vermək üçün bir platforma olmayacağına dair zəmanətlər vermişik və buna sadiqik. Bundan əlavə, Türkiyə PKK-nın şimal-şərqi Suriyada mövcudluğundan ciddi narahatdır və orada genişmiqyaslı müharibəyə hazırlaşırdı. Lakin biz onlardan gözləməyi xahiş etdik ki, danışıqlar üçün imkan yaransın. Həmçinin, oradakı ərəb icmaları bölgənin Suriya dövlətinə qoşulmasını və SDF-nin hakimiyyətinin sona çatmasını tələb edirlər.
- Deməli, siz razılaşmanın əldə olunacağını düşünürsünüz? Yalnız detallar üzərində işləyirsiniz?
- Çox optimist olduğumu deyə bilmərəm. Biz danışıqlar prosesinə daxil olmuşuq və ümid edirik ki, məsələləri dinc yolla həll edəcəyik.
- İŞİD təhlükəsi barədə danışaq. Suriya şəhərlərində, o cümlədən Dəməşqdə İŞİD döyüşçülərinin mövcudluğu ilə bağlı xəbərlər eşitmişəm. Onlar sizin üçün nə dərəcədə təhlükə yaradır?
- İŞİD-in ölçüsü, sayı və yayılması ilə bağlı böyük şişirtmələr var. Güc strukturları bu məsələni ciddi şəkildə izləyir və son iki ay ərzində ölkədə iğtişaşlar yaratmaq məqsədilə planlaşdırılmış çoxsaylı hücumların qarşısını alıb. Mən düşünmürəm ki, İŞİD-in genişmiqyaslı varlığı olsun, yalnız bəzi gizli təhlükəsizlik hüceyrələri mövcuddur.
- ABŞ administrasiyası xarici yardımı dayandırıb. Şimaldakı düşərgələrdə humanitar yardımın paylanması dayandırılıb. Bunun hansı nəticələri olacaq?
- Hazırda Suriyada bir neçə qarşılıqlı əlaqəli məsələ var. Təhlükəsizliyin sabitliyi məcburi köçkünlərin və qaçqınların məsələsinin həlli ilə birbaşa bağlıdır. Digər tərəfdən, bu məsələ ölkədə sağlam investisiya mühitinin yaradılması ilə bağlıdır. Suriya iqtisadiyyatına investisiyalar olmadan iqtisadi inkişaf olmayacaq və iqtisadi inkişaf olmadan insanlar yenidən xaosa qayıdacaq.
- Suriya iqtisadi cəhətdən çətin vəziyyətdədir. Körfəz ölkələrindən maliyyə dəstəyi alacaqsınızmı?
- Mən Suriyanı yardımla yaşatmaq istəmirəm, onun iqtisadiyyatını qurmaq istəyirəm. Suriya böyük investisiya potensialına malikdir. Səudiyyə Ərəbistanı və Qətər Suriyanı sevir və xalqı ilk andan dəstəkləyib. Biz onlarla infrastruktur və məşğulluq yaradan böyük investisiya layihələrini müzakirə edirik.
- Dediyiniz kimi, sanksiyaların, xüsusən də ABŞ-ın maliyyə sanksiyalarının ləğvinə ehtiyacınız var. Bu barədə Tramp administrasiyası ilə danışmısınızmı və onların tezliklə bu sanksiyaları aradan qaldıracağına əminsinizmi?
- Tramp administrasiyası yaxın zamanda hakimiyyətə gəlib və hələlik heç bir rəsmi ünsiyyətimiz olmayıb. Lakin biz qarşıdakı günlərdə ABŞ-la diplomatik əlaqələri bərpa etməyə çalışacağıq. Əgər bu baş verərsə, sanksiyaların davam etməsinə etirazımızı bildirəcəyik. Mən inanıram ki, Prezident Tramp bölgədə sülhün bərqərar olunmasını istəyir və sanksiyaların ləğvi onun üçün prioritet məsələdir. Amerika Birləşmiş Ştatlarının Suriya xalqının əzab çəkməsində maraqlı olduğunu düşünmürəm.
- Siz ABŞ-la diplomatik əlaqələri bərpa etmək istəyirsiniz, lakin hazırda HTŞ (Heyət Təhrir əş-Şam) BMT tərəfindən terror təşkilatı kimi tanınır. Sizcə, diplomatik əlaqələr qurmazdan əvvəl bu status dəyişdirilməlidir?
- Hesab edirəm ki, bir çox hadisələr reallığı dəyişdirir. Son konfransda bütün qruplaşmaların, o cümlədən HTŞ-nin buraxılmasını nəzərdə tutan bir maddə var idi, amma bəlkə də siz həmin konfransda yalnız hərbi formaları görmüsünüz (gülür). Buna görə də, Suriyada inqilab çərçivəsində bütün qruplaşmaların, o cümlədən HTŞ-nin buraxılması nəzərdə tutulur. Bu halda həmin təsnifat artıq mənasız olur. Bu gün mənim statusum Suriya Prezidentidir, HTŞ deyil. Münasibətlər isə Suriya və ABŞ arasında qurulmalıdır, HTŞ və ABŞ arasında deyil.
- Tramp administrasiyası barədə bəzi məlumatlar var ki, onlar Suriyadan qoşunlarını çıxarmaq istəyirlər. Siz bunu alqışlayardınızmı?
- Yeni Suriya dövləti çərçivəsində hesab edirəm ki, hər hansı qanunsuz hərbi mövcudiyyət davam etməməlidir. Suveren bir dövlətdə hər hansı hərbi mövcudiyyət yalnız müəyyən razılaşma əsasında olmalıdır və ABŞ-la bizim aramızda belə bir razılaşma mövcud deyil. Hazırda biz Rusiyanın hərbi mövcudiyyətini yenidən qiymətləndiririk və onlar ilə razılığa gələ bilərik və ya gəlməyə bilərik. Lakin hər bir halda, istənilən hərbi mövcudiyyət qəbul edən dövlətin razılığı ilə olmalıdır.
- Bəs israillilər? Onlar təhlükəsizlik zonasından kənara çıxıblar. Bu da qanunsuz mövcudiyyət hesab olunurmu? Onlar geri çəkilməlidirlərmi?
- Əlbəttə ki, onlar geri çəkilməlidirlər. 1974-cü ildə BMT vasitəsilə Suriya və İsrail arasında əldə edilmiş razılaşma mövcuddur. Biz Dəməşqə daxil olduğumuz ilk gün BMT-yə bildirdik ki, 1974-cü il razılaşmasına sadiqik və təhlükəsizlik zonasına nəzarət edən BMT qüvvələrini (UNDOF) qəbul etməyə hazırıq. UNDOF ilə birbaşa əlaqə saxladıq və onlar həmin zonaya daxil olmağa hazır olduqlarını bildirdilər, lakin bunun üçün İsrail qüvvələri öz əvvəlki sərhədlərinə geri çəkilməlidirlər.
Bizim atacağımız addımlara gəlincə, beynəlxalq ictimaiyyətin böyük bir hissəsi bizim mövqeyimizi dəstəkləyir. Dəməşqə səfər edən ölkələr də, etməyənlər də İsrailin bölgədə irəliləməsini pisləyiblər. Bu məsələdə beynəlxalq səviyyədə demək olar ki, yekdil mövqe mövcuddur ki, bu irəliləyiş haqsızdır.
- Cənab Tramp geniş miqyaslı ideyalara malik bir şəxsdir. Bu gün yayılan xəbərlərə görə, o, Qəzzə sakinlərini Suriyaya köçürmək istəyir. Deyir ki, Suriya geniş ərazilərə malikdir. Siz bunu qəbul edərdinizmi?
- Hesab edirəm ki, hər bir xalq öz torpaqlarında qalmağa daha çox haqlıdır. İnsanlar niyə köçürülməlidir? İnsanların zorla köçürülməsi beynəlxalq hüquq tərəfindən rədd edilən ağır cinayətdir. Üstəlik, Suriya müharibədən yenicə çıxıb və artıq kifayət qədər ağır problemlərlə üz-üzədir. Biz altmış illik rejim mirasının fəsadlarını aradan qaldırmaq üçün uzun illər sərf etməliyik. Bu şəraitdə bizə əlavə problemlərin yüklənməsi qəbuledilməzdir.
- Əgər Yaxın Şərqdə geniş sülh sazişi istiqamətində irəliləyiş olarsa, İsraillə münasibətləri normallaşdırmağı təsəvvür edə bilərsinizmi?
- Əslində, biz bütün tərəflərlə sülh istəyirik. Lakin İsrail məsələsi bölgədə həssas bir mövzudur, xüsusən də keçmişdə baş vermiş böyük müharibələr və onların 1967-ci ildən bəri işğal altında saxladıqları Colan bölgəsinə görə. Biz Dəməşqə cəmi iki ay əvvəl daxil olmuşuq və qarşımızda çoxsaylı prioritetlər var. Bu səbəbdən, hazırda belə bir məsələni müzakirə etmək üçün çox tezdir. Bu, geniş ictimai rəyin öyrənilməsini tələb edir, eyni zamanda, bir çox prosedur və qanunlar lazımdır ki, bu məsələyə baxıla bilsin. Açıq desəm, biz hələ bu məsələni nəzərdən keçirməmişik.