Avropa Parlamenti Ukraynanı dəstəkləməyə və Aİ müdafiəsini gücləndirməyə davam edəcək – ÖZƏL
6 Yanvar 2025 10:14 DünyaAvropa Parlamentinin üzvləri Avropa İttifaqının müdafiə siyasətinin möhkəmləndirilməsi və Ukraynaya yardımın davam etdirilməsi istiqamətində mövqelərini açıqlayıblar. Həmçinin, Aİ-nin iqlim strategiyasının məqsədləri və bu məqsədlərin həyata keçirilməsi üçün ayrılan xərclərin yenidən nəzərdən keçirilməsi planlaşdırılır.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutu məlumat yayıb.
Məlumata görə, Avropa Parlamentində Rusiyaya qarşı müsbət mövqe nümayiş etdirən deputatların sayının artdığı iddia olunur. Lakin bu artım, parlamentin yekun qərarlarına ciddi təsir göstərmir.
"Yeni tərkibdə Avropa Parlamenti təhlükəsizlik və müdafiə məsələlərində Ukraynaya dəstəyin davam etdirilməsi və Rusiyaya qarşı daha sərt mövqe sərgilənməsi istiqamətində çalışır. Bu mövqelər ABŞ-də keçirilən prezident seçkilərinin nəticələri və Donald Trampın tezliklə baş tutacaq inauqurasiyası fonunda daha da güclənib," - materialda vurğulanır.
Eyni zamanda, Avropa Parlamentinin fraksiyalarının Aİ-nin müdafiə siyasətinin modernləşdirilməsi istiqamətində təkidlərini davam etdirəcəyi bildirilir.
Analitiklər hesab edirlər ki, Avropa Parlamentinin üzvləri ABŞ-nin gələcək prezidenti Donald Tramp tərəfindən 2024-cü ilin dekabrında səsləndirilən bəyanatlardan narahatdırlar. Tramp, ABŞ-nin NATO-dan çıxa biləcəyini və Ukraynaya maliyyə yardımını dayandıracağını bəyan etmişdi.