Cənubi Koreyada aviasiya təhlükəsizlik sistemi yenilənəcək
30 Dekabr 2024 17:07 DünyaCənubi Koreya prezidenti vəzifəsini icra edən, baş nazirin müavini Çxve San Mok, 29 dekabrda "Jeju Air" aviaşirkətinə məxsus təyyarənin Muan hava limanında qəzaya uğramasından sonra aviasiya təhlükəsizlik sisteminin yenilənməsi ilə bağlı göstəriş verib.
Trend Cənubi Koreya KİV-ə istinadən xəbər verir ki, 30 dekabrda Çxve San Mok "Jeju Air" qəzası ilə əlaqədar olaraq yaradılmış fövqəladə hallar və təhlükəsizlik üzrə mərkəzi qərargahda dördüncü iclasını keçirib.
"Hadisələrin təkrarlanmaması üçün bütün təyyarə təhlükəsizlik sistemlərinin yoxlanmasını dərhal həyata keçirin və aviasiya təhlükəsizliyi sistemini tamamilə yeniləyin", - deyə Çxve San Mok göstəriş verib.
Prezident vəzifəsini icra edən şəxs, həmçinin, istintaq orqanlarını araşdırma prosesində şəffaf olmağa və həlak olanların yaxınlarını məlumatlandırmağa çağırıb.
İclasdan sonra məlum olub ki, Cənubi Koreya hakimiyyəti ölkədəki bütün "Boeing 737-800" təyyarələrinin yoxlanılmasını həyata keçirəcək.