Rusiyanın S-500 “Prometey” sistemi: NATO aviasiyasına ciddi təhdid – ÖZƏL

Olaylar.az xəbər verir ki, Amerikanın Military Watch Magazine (MWM) jurnalının məlumatına görə, Rusiyanın Silahlı Qüvvələrinə daxil olan S-500 "Prometey" zenit-raket kompleksi (ZRK) NATO-nun mühüm aviasiya texnikaları üçün ciddi təhdid yaradır.

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, hazırda Rusiya ordusunda yeni S-500 sistemləri ilə silahlanmış ilk polkun formalaşdırılması yekun mərhələdədir.

Jurnal yazır ki, S-500 sistemi uzun mənzilli hədəfləri vurmaq qabiliyyətinə görə NATO Hərbi Hava Qüvvələrinin ən vacib təyyarələrinə, xüsusilə yanacaq doldurma təyyarələri və uzaq məsafəli radiolokasiya kəşfiyyat təyyarələrinə ciddi təhlükə yaradır.

Bununla yanaşı, məqalədə S-500 kompleksinin fərqli texniki üstünlükləri də vurğulanıb. Sistem, S-400-dən fərqli olaraq, peyklər və qitələrarası ballistik raketlər kimi daha sürətli hədəfləri daha yüksək yüksəklikdə məhv edə bilir. Bu xüsusiyyətləri ilə S-500 Rusiyanın kosmik məkan təhdidlərinə qarşı müdafiə potensialında mühüm mərhələ hesab olunur.

"Sistemin bu üstünlüklərinin yüksək səviyyədə mobilliklə birləşməsi onu dünya miqyasında tamamilə unikal edir," - deyə məqalədə qeyd olunur.

S-500 sisteminin dövlət sınaqları 2021-ci ilin sentyabrında başa çatıb. Rusiya Federasiyası Baş nazirinin müavini Yuri Borisovun sözlərinə görə, bu hərbi texnika üç il əvvəl Rusiya ordusuna təhvil verilməyə başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31