Avropa qaz bazarında gərginlik: Putinin bəyanatı qiymətləri artırdı – ÖZƏL
28 Dekabr 2024 11:12 DünyaRusiya Prezidenti Vladimir Putinin Ukrayna üzərindən Avropaya qaz tranziti ilə bağlı razılaşmanın gələcəkdə mümkün olmayacağına dair şübhələri Avropa enerji bazarlarında ciddi reaksiyaya səbəb olub.
Olaylar.az xəbər verir ki, bu haqda Bloomberg agentliyi məlumat yayıb. Nəşrə görə, 27 dekabrda qaz üzrə maliyyə alətlərinin dəyəri 5% artıb ki, bu da son həftənin ən böyük artımıdır.
Ekspertlər qeyd edirlər ki, bu hadisə Avropanın enerji təhlükəsizliyinə siyasi faktorların təsirini bir daha vurğulayır.
Putin son bəyanatında Ukrayna hökumətini qaz tranzitini dayandıraraq Avropa İttifaqını "cəza" ilə üz-üzə qoymaqda ittiham edib. O bildirib ki, bu qərar Avropada enerji resurslarının onsuz da yüksək olan qiymətlərini daha da artıracaq.
Rusiya lideri əlavə edib ki, Rusiya həmişə iqtisadi məsələlərin siyasiləşdirilməsinin əleyhinə çıxış edib və ticarət əlaqələrinin siyasətdən asılı olmamalı olduğunu vurğulayıb. Buna baxmayaraq, Putinin sözlərinə görə, yeni qaz tranziti müqaviləsinin 2024-cü ilin sonuna qədər imzalanması mümkün olmayacaq.
Avropa isə alternativ enerji təchizatı yolları axtarır. Qaz təchizatını təmin etmək üçün Norveçin boru kəməri qazından və ABŞ-dan idxal olunan mayeləşdirilmiş qazdan istifadə edilə bilər. Hazırda Avropanın qaz anbarlarının doluluq səviyyəsi 75% təşkil edir.
Putin çıxışında Avropanın mövcud vəziyyətdən çıxış yolunu da təklif edib. O bildirib ki, Rusiya Polşa üzərindən qaz təchizatını həyata keçirməyə hazırdır. Bu, Ukrayna hökumətinin tranzit razılaşmasını uzatmağı rədd etməsindən yan keçərək Avropanı iqtisadi böhrandan xilas edə bilər.