Avropa İttifaqında bütün qadcetlər üçün USB-C standartı tətbiq olunur – ÖZƏL

28 dekabr 2024-cü ildən etibarən Avropa İttifaqında (Aİ) yeni qaydalar qüvvəyə minir: bu gündən satışa çıxarılan kiçik və orta ölçülü qadcetlər yalnız USB-C tipli şarj girişinə malik olmalıdır. 

Olaylar.az xəbər verir ki, bu tələbi təsbit edən direktiv Aİ Şurası tərəfindən qəbul edilib və üzv ölkələrdən yeni standartlara tam uyğunlaşma tələb olunur.

Aİ Şurasının bəyanatına əsasən, portativ kompüterlər üçün bu qaydalar 28 aprel 2026-cı ilə qədər tətbiq edilməyəcək. Həmçinin, kiçik ölçülü cihazlar - fiziki olaraq USB-C portunun quraşdırılması mümkün olmayan qadcetlər - istisna hal kimi qəbul edilir.

Yeni qaydanın məqsədi istehlakçılar üçün maliyyə yükünü azaltmaq və ekoloji təsirləri minimuma endirməkdir. Ekspertlər hesab edir ki, universal şarj cihazlarının tətbiqi ailələrdə fərdi cihazlar üçün ayrı-ayrı adapter alma ehtiyacını aradan qaldıracaq. Bu dəyişiklik həm də elektron tullantıların azalmasına töhfə verəcək.

Xatırladaq ki, daha əvvəl Beynəlxalq Elektrokommunikasiya İttifaqı Koreyanın mobil telefon şarj interfeysini qlobal standart olaraq qəbul etmişdi. Eyni zamanda, Çin tərəfindən təklif olunan Mini-USB interfeysi də beynəlxalq standart statusu qazanmışdır.

Yeni standartların tətbiqi, həm istehlakçılar, həm də ətraf mühit üçün müsbət nəticələr vəd edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31