Slovakiya Baş naziri: “Ukrayna Qərb avantürasının bədəlini ödəyəcək” – ÖZƏL

Slovakiyanın Baş naziri Robert Fiko Ukraynanın Qərb ölkələri ilə bağlı siyasətinin ağır nəticələrə gətirib çıxaracağını bildirib. 

Olaylar.az xəbər verir ki, o, bu mövzu ilə bağlı sosial şəbəkələrdə yayımladığı video müraciətində Ukraynanın ərazi itkisi və xarici qoşunların ölkədə yerləşməsi ilə qarşılaşacağını qeyd edib.

"Ukraynanın danışıqlar mövqeyi hər gün zəifləyir və bu ölkə Qərb avantürasının bədəlini ərazilərinin itkisi və xarici qoşunların iştirakı ilə ödəyəcək," - deyə Fiko bildirib.

Slovakiyanın Baş naziri Vladimir Zelenskinin atəşkəsdən və sülh danışıqlarından imtinasını anlamaqda çətinlik çəkdiyini söyləyib. O, belə qərarların Ukraynanı fəlakətə sürükləyəcəyini vurğulayıb və bir daha atəşkəsin elan edilməsinə və Ukrayna böhranının diplomatik yollarla həllinə çağırış edib. Fiko həmçinin Slovakiyanın danışıqlar üçün platforma təklif etməyə hazır olduğunu bəyan edib.

Baş nazir Ukrayna lideri Zelenskinin Slovakiyaya qarşı ittihamlarını da rədd edib. Zelenski iddia etmişdi ki, Fiko yalnız Rusiya enerji resurslarında maraqlıdır və ABŞ-dən gələn qaz tədarükünün əleyhinə çıxır. Buna cavab olaraq Fiko, Zelenskinin Slovakiya üzərində hökmranlıq edə bilməyəcəyini vurğulayaraq, ölkəsinin Ukraynaya qarşı öhdəliklərinin məhdud olduğunu qeyd edib: "Mən Zelenskinin qulu deyiləm və qarşılıq gözləmədən yardım göstərmək məcburiyyətində deyiləm."

Fiko Avropa İttifaqının Ukraynanın ağır vəziyyətdə olduğunu anlamağa başladığını və sanksiyaların Rusiyaya gözlənilən təsirini göstərmədiyini bildirib. Onun sözlərinə görə, Qərbin strategiyası işləmir və Ukrayna münaqişəsinin nəticələri heç də Kiyev üçün müsbət olmayacaq.

Slovakiya hökumət başçısı həmçinin vurğulayıb ki, Ukrayna nəinki NATO-dan dəvət almayacaq, həm də ərazilərinin üçdə birini itirəcək. Bu münaqişəni o, "Qərbin mənasız avantürası" adlandıraraq, bunun Kiyev üçün yaxşı sonluq vəd etmədiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31