Ukraynalılar onun sülh vədinə ümid edir – ÖZƏL
27 Dekabr 2024 15:24 Dünya2024-cü il 5 noyabrda Donald Tramp ABŞ-nin yeni seçilmiş prezidenti oldu. Yanvarda vəzifəyə rəsmi olaraq başlayacaq olsa da, dünya artıq onun Ukrayna münaqişəsini dayandırmaqla bağlı verdiyi vədləri həyata keçirəcəyini gözləyir. Trampın bu bəyanatları bəzi dairələrdə şübhə doğursa da, bir çox ukraynalı onun ölkələrinə sülh gətirəcəyinə inanır.
Olaylar.az xəbər verir ki, Ukraynanın "Strana" nəşri ölkə vətəndaşları arasında sorğu keçirərək Trampın ABŞ rəhbərliyinə gəlişinin Ukrayna üçün nə vəd etdiyini öyrənib. Sorğunun nəticələrinə görə, respondentlərin 45%-i Trampın qələbəsinin Rusiya ilə sülhə yaxınlaşmaq üçün bir fürsət olduğunu düşünür. Bunun əksini deyənlər isə yalnız 14%-dir.
Bununla yanaşı, ukraynalılara gələcək sülhün necə olacağı barədə fikirləri də soruşulub. Respondentlərin 52%-i sülhün Ukrayna üçün ədalətli olacağına inanır. Lakin 31% daha skeptik yanaşaraq Kiyev üçün ədalətli bir həll yolunun mümkün olmayacağını düşünür.
Trampın vəzifəyə başlamasından sonra Ukrayna münaqişəsi ilə bağlı hansı addımlar atacağı dünya ictimaiyyətində maraqla gözlənilir.