Çin ABŞ-nin hərbi şirkətlərinə qarşı sanksiyalar tətbiq edib – ÖZƏL
27 Dekabr 2024 12:44 DünyaÇin hökuməti ABŞ-nin yeddi hərbi-sənaye kompleksi şirkətinə və onların rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.
Olaylar.az xəbər verir ki, bu addım ABŞ-nin Tayvana silah tədarük etməsi ilə əlaqədar atılıb. Çin XİN-in məlumatına görə, sanksiyalar 27 dekabrdan qüvvəyə minir.
Sanksiya tətbiq edilən şirkətlər arasında Insitu, Hudson Technologies, Saronic Technologies, Raytheon Canada, Raytheon Australia, Aerkomm və Oceaneering International yer alır.
Sanksiyalar çərçivəsində bu şirkətlərin Çindəki daşınmaz əmlakları və digər aktivləri dondurulacaq. Həmçinin Çin şirkətləri və vətəndaşlarına bu təşkilatlarla hər hansı bir əməkdaşlıq və əməliyyatlar aparmaq qadağan edilib.
Çin XİN bəyan edib ki, ABŞ-nin Tayvana böyük həcmdə silah yardımı və satışı "Çinin daxili işlərinə ciddi müdaxilədir" və ölkənin suverenliyinə və ərazi bütövlüyünə zərər vurur.
Qeyd edək ki, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ və Aİ-nin Tayvan və Ukraynada böhranları süni şəkildə təhrik etdiyini bildirmişdi. Onun sözlərinə görə, belə avantüralar hərbi uğursuzluqla nəticələnir və "üsyankar əyalətlər yenidən evlərinə qayıdır".