Davis: “Zelenski Rusiya qazı tranzitindən imtina etməklə özünə ziyan vurur”– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin ehtiyatda olan podpolkovniki Daniel Davis bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya qazının tranzitindən imtina etməklə ölkəsinə maliyyə baxımından ziyan vurur.

Davis bu fikri Slovakiyanın Baş naziri Robert Ficonun Rusiyaya səfəri ilə bağlı Zelenskinin narazılığını şərh edərkən söyləyib. Fico Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Bratislavaya qaz tədarükünün davam etdirilməsi məsələsini müzakirə etmişdi.

"Zelenski onu utandırmağa çalışır, onu öz istədiyini etməyə məcbur etmək istəyir. Amma nəticədə, Zelenski maliyyə baxımından öz boynunu özü sıxır," - Davis "Deep Dive" YouTube kanalında çıxışı zamanı bildirib.

Ekspert qeyd edib ki, Ukrayna Rusiya qazının tranzitindən gəlir əldə edir. Buna görə də Zelenskinin bu gəlirdən imtina etmək qərarı reallıqdan uzaqdır.

Davis əlavə edib ki, Zelenskinin bu qərarlarının yeganə məqsədi Rusiyaya mümkün qədər çox ziyan vurmaqdır.

Qeyd edək ki, Rusiya qazının Ukrayna ərazisi ilə Avropaya tranzitinə dair 2019-cu ildə imzalanmış müqavilə 31 dekabr 2024-cü ildə başa çatır.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin qeyd etmişdi ki, Rusiya Ukrayna ərazisi ilə qaz tədarükünü davam etdirməyə hazırdır. Lakin o, bunun Ukraynanın irəli sürdüyü iddialar səbəbindən mümkün olmadığını vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31