Belarus “Oreşnik” raketlərini gözləyir: Lukaşenko və Putinin zarafatı – ÖZƏL

Olaylar.az xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəsində orta mənzilli "Oreşnik" ballistik raketlərinin yerləşdirilməsi ilə bağlı sözləri Rusiya Prezidenti Vladimir Putinin gülüşünə səbəb olub.

"On ədəd raketi hara yerləşdirəcəksiniz?" - deyə Putin Lukaşenkonun əlavə raket tələbinə zarafatla cavab verib. Bu dialoqdan sonra hər iki lider gülüşüb.

Lukaşenko jurnalist Aleksandr Yunaşevi verdiyi müsahibədə bildirib ki, Minsk "Oreşnik" komplekslərini öz ərazisində yerləşdirməyə hazırdır, əgər Moskva bu sistemləri təqdim etmək istəyərsə. Dekabrın əvvəlində Lukaşenko Putindən bu raketlərin Belarusda yerləşdirilməsini xahiş etmiş və qərarın həm İttifaq Dövlətinin müdafiəsini, həm də Belarusun təhlükəsizliyini gücləndirəcəyini vurğulamışdı.

Rusiya Prezidenti Vladimir Putin isə bəyan edib ki, "Oreşnik" komplekslərinin seriya istehsalının genişləndirilməsi ilə bu sistemlərin Belarus ərazisinə yerləşdirilməsi 2025-ci ilin ikinci yarısında mümkün olacaq. Putin əlavə edib ki, bu komplekslər eyni zamanda həm Rusiya ordusunda, həm də Belarusda silahlanmaya daxil ediləcək.

Bundan sonra Lukaşenko bildirib ki, Belarus "Oreşnik" orta mənzilli hipersəs raketlərinin hədəflərini müstəqil şəkildə müəyyənləşdirəcək, lakin "lazım gələrsə, düyməni Moskvayla birlikdə basacaq."

Qeyd edək ki, 2024-cü il noyabrın 22-də "Oreşnik" raketləri haqqında ilk məlumat yayımlanıb. Rusiya Prezidenti Vladimir Putin yeni raket sisteminin yaradılmasını tarixi hadisə adlandıraraq bildirib ki, "Oreşnik" komplekslərinin kifayət qədər sayda mövcudluğu nüvə silahının tətbiqi zərurətini faktiki olaraq aradan qaldırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31