Qəzaya məruz qalan rus dənizçiləri Norveç gəmisindən yardım ala bilmədilər – ÖZƏL

Rusiyaya məxsus Ursa Major yük gəmisi Aralıq dənizində baş vermiş partlayış nəticəsində qəzaya uğrayıb. Lakin gəmidən xilas olunmağa çalışan rus dənizçilərinə yaxınlıqda olan Oslo Carrier 3 adlı Norveç gəmisinin ekipajı yardım etməyi rədd edib. 

Olaylar.az xəbər verir ki, bu barədə gəminin sahibi olan "Oboronlogistika" şirkətinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Ursa Major gəmisinin ekipaj üzvləri qayıqla Norveç gəmisinə yaxınlaşıb, lakin Oslo Carrier 3 ekipajı onlara məlum olmayan bir qadağanı əsas gətirərək yardım göstərməkdən imtina edib. Şirkət, bu davranışın 1989-cu ildə qəbul edilmiş Beynəlxalq Xilasetmə Konvensiyasının 10-cu maddəsini kobud şəkildə pozduğunu bəyan edib. Maddəyə əsasən, hər bir kapitan öz gəmisini və ekipajını ciddi təhlükəyə atmadan dənizdə ölüm təhlükəsi ilə üzləşən hər hansı bir şəxsə yardım göstərməlidir.

Qeyd edək ki, hadisə İspaniya və Əlcəzair arasında beynəlxalq sular ərazisində baş verib. Dekabrın 23-də baş verən partlayışlar nəticəsində gəminin 14 ekipaj üzvü sağ-salamat xilas edilib. Ursa Major gəmisinin maşın otağında baş verən partlayışlardan sonra gəminin sağ bortunda 50x50 sm ölçüsündə dəlik yaranıb. Şirkətin məlumatına görə, dəliyin kənarları cırıq və gəminin içərisinə doğru yönəlmiş vəziyyətdə olub.

"Oboronlogistika" şirkəti gəminin qəzaya uğramasının səbəbini terror aktı kimi qiymətləndirib. Onların iddiasına görə, gəminin sağ tərəfindən ardıcıl üç partlayış baş verib ki, bu da gəminin batmasına səbəb olub. Həmçinin, gəminin göyərtəsində çoxlu miqdarda qəlpələr aşkarlanıb.

Hadisə ilə bağlı Rusiyanın İstintaq Komitəsi təhlükəsizlik qaydalarının pozulması səbəbilə cinayət işi açıb. Şirkət gəminin böyük həcmli yük daşıdığını, o cümlədən portal kranlar, trüm örtükləri və xüsusi avadanlıqlar ilə Sankt-Peterburqdan Vladivostoka doğru istiqamət aldığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31