Yupiter və Neptun arasında kəşf edilən sirli hibrid- ÖZƏL
25 Dekabr 2024 11:52 DünyaOlaylar.az xəbər verir ki, alimlər Yupiter və Neptun arasında yerləşən Chiron (2060 Chiron) adlı göy cisminin həm asteroid, həm də kometa xüsusiyyətlərini daşıdığını aşkar ediblər. Bu unikal kəşf James Webb Kosmik Teleskopu (JWST) vasitəsilə aparılan müşahidələr nəticəsində əldə olunub.
Araşdırmalar zamanı Chironun səthində dondurulmuş karbon qazı və dəm qazı aşkar edilib. Bu maddələrdən ibarət olan qaz koması həm də metan ehtiva edir. Florida Mərkəzi Universitetinin planetoloqu Çarlz Şambö bu nəticələrin Chironun daxili tərkibi və davranışı barədə yeni baxış yaratdığını vurğulayıb.
1977-ci ildə kəşf edilən Chiron, Günəş ətrafında bir dövrünü təxminən 50 ilə tamamlayır. Onun orbitası Yupiter və Neptun arasında uzanır. 2023-cü il iyulun 12-də aparılan müşahidələr əsasında hazırlanan məlumatlar 2024-cü il dekabrın 18-də Astronomy and Astrophysics jurnalında dərc olunub.
Kometadır, yoxsa Asteroid?
Daha əvvəl Chironun qaz komasında dəm qazının olduğu bilinsə də, JWST ilk dəfə onun dondurulmuş formada səthdə mövcud olduğunu aşkar edib. Bu, obyektin qaz çıxarışında kompleks bir sistemin mövcud olduğunu göstərir. Adətən, dəm qazı karbon qazından daha uçucudur, lakin Chironun davranışında bu qayda pozulur.
Planetoloq Noemi Pinilya-Alonso bildirir ki, Chiron kimi obyektlər Günəş sisteminin yaranışından bu yana demək olar ki, dəyişməyib. Bu cür cisimlərin tədqiqi ilə molekulların ilk formalaşma dövründə necə qarşılıqlı təsir göstərdiyini öyrənmək mümkündür.
Bundan əlavə, ilk dəfə olaraq su buzu və etan, propan kimi karbohidrogenlər də aşkar edilib. Alimlər bu maddələrin metan və su ilə zəngin səthdə günəş şüalarının təsiri ilə yarandığını güman edirlər.