Zaxarova: YUNESKO-nun hesabatı Qərb ölkələrinə dünya ictimaiyyətinin etirazını gücləndirdi – ÖZƏL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, Qərb ölkələri Rusiya jurnalistlərinin qətllərini görməzdən gəlməklə dünya ictimaiyyətinin əksəriyyətinin dəstəyini itirib. 

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, YUNESKO-nun dərc etdiyi hesabat Qərb üçün əsl biabırçılığa çevrilib.

Diplomat bildirib ki, YUNESKO-nun baş direktoru Odre Azulenin 2022-2023-cü illərdə jurnalistlərin təhlükəsizliyi mövzusunda hazırladığı hesabatda Rusiya KİV nümayəndələrinin çoxsaylı qətllərinə dair heç bir məlumat yer almayıb. Halbuki, bu cinayətlər məqsədyönlü və qəsdən törədilib.

Zaxarova vurğulayıb ki, Rusiya bu hesabatı dərhal yalan adlandırıb. Bununla belə, zaman keçdikcə hesabat fərqli bir təsir göstərib - bir çox tərəf Rusiyanın mövqeyini dəstəkləməyə başlayıb. Onun sözlərinə görə, bu sənəd Rusiyaya dəstək üçün katalizatora çevrilib.

"Qərb ölkələrinin belə bir təsir gözlədiklərini düşünmürəm. Əgər onlar bunun nəticələrini əvvəlcədən təxmin etsəydilər, hadisələri geri qaytarmağa çalışaraq hesabatda rus jurnalistləri ilə bağlı bir şey yazardılar ki, belə biabırçılıq və qalmaqal yaşanmasın," - deyə Zaxarova "Rossiya 24" telekanalına açıqlamasında qeyd edib.

O əlavə edib ki, Qərb ölkələri dünya ictimaiyyətinin bu qədər neqativ reaksiyasını gözləməyib və bu məsələni görməzdən gəlmək cəhdi onların özlərinə ziyan vurub. "İndi onlar başa düşdülər ki, bu mövzunu gizlətmək cəhdləri nəticəsiz qalmayacaq," - deyə Zaxarova fikrini yekunlaşdırıb.

Qeyd edək ki, Mariya Zaxarova daha əvvəl Rusiya seçkilərinə müdaxilə barədə əsassız şayiələrə görə Rumıniyaya rəsmi müraciət edərək, bununla bağlı izahat tələb etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31