Ukrayna münaqişəsinin həlli üçün diplomatik yollar gündəmdədir – ÖZƏL
24 Dekabr 2024 11:04 DünyaUkraynaya davam edən hərbi dəstəyə baxmayaraq, münaqişənin danışıqlar yolu ilə həlli ideyasını dəstəkləyən insanların sayı artmaqdadır.
Olaylar.az xəbər verir ki, bu barədə Responsible Statecraft nəşrinin müşahidəçiləri məlumat verib.
Nəşrin məlumatına görə, "vahid Avropanın" Ukraynanın bütün maliyyə və hərbi öhdəliklərini öz üzərinə götürməsi fikri hazırda olduqca qeyri-real görünür. Eyni zamanda, Avropada əsas sağ mərkəzçi və xüsusilə sol mərkəzçi partiyalara dəstəyin azalması müşahidə edilir.
"Almaniyada 23 fevralda keçiriləcək seçkilər, yəqin ki, sağ mərkəzçilər və sol mərkəzçilər arasında koalisiya yaradılmasına səbəb olacaq. Bu isə Ukraynaya hərbi dəstəyin davam etdirilməsinə qarşı çıxan populist sağ və sol qüvvələrə böyük xalq dəstəyi qazandırma riski yaradır", - məqalədə qeyd olunur.
Bununla yanaşı, yanvar ayında Avropa İttifaqında rotasiya qaydasında sədrliyi qəbul etməyə hazırlaşan Polşanın Ukrayna münaqişəsinin həllində həlledici diplomatik səylərə töhfə verə biləcəyi vurğulanır.
Digər tərəfdən, Ukrayna prezidentinin ofisi üzrə müşavir Sergey Leşenko, Kiyev və Moskva arasında danışıqların qaçılmaz olduğunu bəyan edib. Milli telemarafonun efirində Leşenko, Ukrayna hakimiyyətinin strategiyasının 2025-ci ilin çağırışlarına hazırlıqla bağlı olduğunu açıqlayıb. Onun fikrincə, Ukraynanın təhlükəsizliyinin əsas zəmanəti ölkənin NATO-ya dəvət edilməsidir.