Homo sapiens genləri düşündüyümüzdən daha qədimdir– ÖZƏL
10:53 DünyaOlaylar.az xəbər verir ki, Padua Universitetinin alimlərinin apardığı araşdırma Homo sapiens-in təkamülündə mühüm mərhələləri üzə çıxararaq insanın genetik inkişafı haqqında mövcud təsəvvürləri dəyişib.
Araşdırma göstərib ki, müasir insanların genetik xüsusiyyətlərinin bir çoxu Homo sapiens ilə onların qədim qohumları arasındakı ayrılmadan çox əvvəl formalaşıb.
Təxminən 900 000 il əvvəl insanın əcdadları ciddi demoqrafik böhran yaşayıb. Bu dövr, 2-ci xromosomun birləşməsi və psevdoutosom bölgənin (PAR2) translokasiyası kimi böyük genom yenidənqurmaları ilə üst-üstə düşüb.
Bu yenidənqurmaların Homo sapiens, neandertallər və denisovalılar arasında ayrılma baş vermədən, təxminən 650 000 il əvvəl baş verdiyi ehtimal edilir.
Alimlər həmçinin müəyyən ediblər ki, müasir insanlar və neandertallər arasında genetik material mübadiləsi təxminən 350 000 il əvvəl baş verib. Bu, neandertalların genomunda itirilmiş variantların bərpasına səbəb olub.
Araşdırmada Homo sapiens-in formalaşmasına təsir edən genetik fərqlər və əsas hadisələr analiz edilib. Xüsusilə xromosom dəyişikliklərinə, beyin inkişafına və kəllə morfologiyasına diqqət yetirilib.
Alimlər müasir davranış və koqnitiv qabiliyyətlərlə bağlı unikal genetik variasiyaları da müəyyən ediblər.
Nəticədə alimlər insan təkamülünün əvvəllər düşünüldüyündən daha mürəkkəb olduğunu, Homo sapiens-in unikal xüsusiyyətlərini müəyyən edən çoxsaylı genetik hadisələr, qarşılıqlı əlaqələr və adaptasiyaların mövcudluğunu vurğulayıblar.