Əsədin devrilmə planını ilk Türkiyə təsdiqləyib - Yeni detallar
10:44 DünyaXəbər verdiyimiz kimi, Suriyada 61 ildir davam edən "Bəəs" rejimi dekabrın 8-də başa çatıb.
Olaylar.az xəbər verir ki, Washington Post qəzetində yer alan məlumata görə, noyabrın 27-də başlayan əməliyyat müxalif qüvvələrin uzun müddət hazırladığı və Türkiyənin dəstəyini qazanan genişmiqyaslı hücumla həyata keçirilib. Rejimin devrilməsinə gətirib çıxaran bu prosesin arxa planı HTŞ-nin (Həyat Təhrir əl-Şam) hazırladığı strateji planla bağlıdır.
HTŞ üzvü Musa Elsad verdiyi açıqlamada rejimin devrilməsinə səbəb olan hücum planının dörd il ərzində hazırlandığını bildirib. Plana əsasən, sahədə güc balansını dəyişdirmək və "Bəəs" rejiminə ciddi zərbə vurmaq hədəflənib. Bu plan 2024-cü ilin əvvəlində Türkiyəyə təqdim edilib.
Ankara bu təklifə əvvəlcə ehtiyatla yanaşsa da, prinsipial olaraq razılığını verib. Elsad qeyd edib ki, Türkiyə əvvəlcə münaqişənin qarşısını almaq üçün bölgədəki gərginliyi azaltmağa çalışıb. Lakin İdlibdəki mülki əhaliyə və infrastruktur obyektlərinə rejimin hücumları davam etdikcə Türkiyənin mövqeyi dəyişib.
Noyabrın 11-də başlayan Astana zirvəsi əməliyyatın taleyində həlledici rol oynayıb. Zirvədə Türkiyə Suriya rejiminə və Rusiyaya bölgədəki qeyri-müəyyənliyin daha da pisləşəcəyini və rejimin hərbi əməliyyatlarına cavab veriləcəyini bildirib. Ankara rejim və tərəfdarlarını İdlibdə mülki əhaliyə hücumları davam etdirəcəkləri təqdirdə ciddi nəticələrlə üzləşəcəkləri barədə xəbərdar edib.
Astana zirvəsindən sonra Türkiyə HTŞ-nin təqdim etdiyi plana yaşıl işıq yandırıb. Noyabrın 26-da İsrail və Hizbullah arasında atəşkəs elan edilməsi isə HTŞ-ni daha da hərəkətə keçirib.
Qeyd edək ki, müxalif qüvvələrin güclü hücumları rejim qüvvələrini zəiflədərək, dekabrın 8-də Bəşər Əsədin devrilməsi ilə nəticələnib. Əsəd əməliyyatın dayandırılması üçün son ümid kimi Türkiyə ilə əlaqə yaratmağa çalışsa da, bu cəhdlər nəticəsiz qalıb. (Milli.Az)