Robert Fiko: Zelenskinin qaz tranziti ilə bağlı şərtləri məntiqsizdir – ÖZƏL

Slovakiyanın Baş naziri Robert Fiko Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya qazının Ukrayna üzərindən tranzitinin davam etdirilməsi imkanını tamamilə rədd etdiyini açıqlayıb. 

Olaylar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının enerji sabitliyinə həsr olunmuş sammitindən sonra məlumat verilib.

Fiko jurnalistlərə verdiyi açıqlamada, Kiyev rejiminin rəhbərinin qaz tranzitinin davam etdirilməsi üçün qeyri-məqbul şərtlər irəli sürdüyünü bildirib. Onun sözlərinə görə, Zelenski tranzitin bərpa olunmasına yalnız Avropa ölkələrinin qazın dəyərini kompensasiya etməyəcəyi halda razılaşacağını qeyd edib.

"Bizə kim pulsuz qaz verər?" - deyə Fiko bu yanaşmanın absurdluluğunu vurğulayaraq ritorik sual səsləndirib.

Slovakiyanın baş naziri həmçinin qeyd edib ki, qaz tranzitindən imtina ölkəsinə ciddi iqtisadi ziyan vura bilər. Bundan əlavə, o, belə bir qərarın Aİ ölkələrinə də mənfi təsir göstərə biləcəyini və enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olacağını bildirib.

Qeyd edək ki, Zelenski 2025-ci ildə Ukrayna üzərindən Rusiya qazının tranzitinə icazə verilməyəcəyini bəyan edib. Hətta qazın üçüncü bir ölkə və ya Aİ istehlakçıları tərəfindən əvvəlcədən alınması halında belə, tranzitdən imtina ediləcəyini vurğulayıb. Zelenski yalnız Avropa ölkələrinin qazın pulunu Rusiya ilə münaqişə bitənə qədər ödəməyəcəkləri halda vəziyyəti yenidən nəzərdən keçirmək mümkünlüyünü əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31