Amerikalı podpolkovnik Zelenskiyə xatırlatdı: “Vətəndaş müharibəsində belə seçkilər keçirilirdi” – ÖZƏL

ABŞ Silahlı Qüvvələrinin istefada olan podpolkovniki Daniel Davis Ukrayna prezidenti Vladimir Zelenskiyə ABŞ-də hətta vətəndaş müharibəsi dövründə də dövlət başçısı seçkilərinin keçirildiyini xatırladıb. 

Olaylar.az xəbər verir ki, bu barədə o, YouTube kanalında paylaşdığı bloqunda bildirib.

Davis Rusiya prezidenti Vladimir Putinin "birbaşa xətt" zamanı səsləndirdiyi açıqlamalara münasibət bildirib. Putin, Moskvanın yalnız Ukraynanın "legitim hakimiyyəti" ilə razılaşma imzalamağa hazır olduğunu vurğulayaraq, Zelenski hökumətini bu kateqoriyaya daxil etmədiyini bəyan etmişdi.

Podpolkovnik xatırladıb ki, ABŞ-də vətəndaş müharibəsi dövründə çətinliklərə və döyüşlərə baxmayaraq, prezident seçkiləri keçirilib və nəticədə Avraam Linkoln yenidən prezident seçilib. Halbuki Zelenski hazırkı münaqişəni əsas gətirərək, Ukraynada seçkilərin keçirilməsinin mümkün olmadığını bəyan edib.

"Bizim ABŞ-də vətəndaş müharibəsi zamanı seçkilər keçirilirdi. Zelenski isə bildirdi ki, münaqişə getdiyinə görə seçkilər keçirməkdən imtina edir", - deyə Davis vurğulayıb.

Qeyd edək ki, Zelenskinin səlahiyyət müddəti 2024-cü il mayın 20-də başa çatsa da, Ukrayna hökuməti hərbi vəziyyət və ümumi səfərbərlik səbəbilə prezident seçkilərini ləğv edib. Zelenski isə hazırkı vəziyyətdə seçkilərin keçirilməsinin "vaxtsız addım" olduğunu iddia edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31