Birmingemdə məktəbdə başından zədə alan altı yaşlı uşaq həyatını itirdi – ÖZƏL

Böyük Britaniyanın Birmingem şəhərində altı yaşlı Məhəmməd Yasir Uddin məktəbdə başından aldığı zərbədən sonra yuxuda dünyasını dəyişib. 

Olaylar.az xəbər verir ki, uşağın atası məktəb rəhbərliyini bu hadisə barədə xəbərdar etdiyini bildirir. Lakin məktəb rəhbərliyi zədənin "sadəcə bir əzik" olduğunu iddia edib.

Ailə üzvlərinin məlumatına görə, Məhəmməd başını ibtidai məktəbdə zədələyib. Atası deyir ki, məktəbin işçiləri həyat yoldaşına uşağın zədəsinin ciddi təhlükə yaratmadığını söyləyiblər.

Hadisədən sonra Məhəmməd evə aparılıb. O, evdə televizora baxıb, bacısının ad günü tortundan bir tikə yeyib və yatmağa gedib. Lakin ertəsi gün səhər oyana bilməyib. Uşağın anası təşviş içində ərinə zəng edərək baş verənləri ona çatdırıb.

Uşağın atası dərhal evə qayıdıb və orada polisləri və həkimləri görüb. Onun sözlərinə görə, oğlunun artıq xəstəxanaya aparıldığını ona bildiriblər. "Oğlumun üzünə baxan kimi başa düşdüm ki, onu artıq geri qaytarmaq mümkün deyil," - deyə o qeyd edib.

Hazırda hadisə ilə bağlı araşdırmalar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31