Cənubi Koreya Prezidenti məhkəmə ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib – ÖZƏL
17 Dekabr 2024 10:46 DünyaCənubi Koreya Prezidenti Yoon Suk Yeol parlamentdə vəzifəsindən uzaqlaşdırılmasına səbəb olan impiçmentə baxmayaraq, üsyanla bağlı ittihamları rədd edir və istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Olaylar.az xəbər verir ki, bu barədə Yoon Suk Yeolun vəkilləri Yonhap agentliyinə məlumat veriblər.
Onların sözlərinə görə, əgər iclaslar açıq şəkildə keçirilərsə, Cənubi Koreya prezidenti məhkəmə iclaslarında mövqeyini bildirmək niyyətindədir.
Bununla yanaşı, Yoonun vəkilləri, prezidentin 21 dekabrda prokurorluqda dindirilməyə gəlməsini təmin etməkdə çətinlik çəkdiklərini bildirib. Çünki, 15 dekabrda keçirilən dindirməyə Yoon gəlməmişdi.
14 dekabrda Cənubi Koreya parlamenti, ikinci cəhddə, prezident Yoon Suk Yeola qarşı impiçment qərarı qəbul edib.
3 dekabrda Yoon, ölkədə 1980-ci ildən bəri ilk dəfə olaraq hərbi vəziyyətin tətbiqini cəhd etmişdi, bu addımını isə "şimali koreyapərəst anti-dövlət qüvvələrinin" ölkənin idarə edilməsinə mane olması ilə əsaslandırmışdı.