KTMT-nin baş katibi: Ermənistan təşkilatın müttəfiqi olaraq qalır - ÖZƏL

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdəki sessiyasında iştirak etməməsinə baxmayaraq, onun müttəfiqi olaraq qalır.

Olaylar xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanali Tasmaqambetov TASS-a bildirib. Onun sözlərinə görə, Ermənistan nümayəndə heyətinin iştirak etməməsinin səbəbləri texniki xarakterli olub.

"Məncə, bu vəziyyətdən qəti nəticə çıxarmağın mənası yoxdur. Ermənistan bizim müttəfiqimiz olub və qalmaqdada davam edəcək. Məncə, bununla məsələni uzatmağa lüzum yoxdur", - deyə cənab Tasmaqambetov vurğulayıb. O əlavə edib ki, KTMT "təşkilatın tamhüquqlu üzvü kimi" Ermənistanın qərarına hörmətlə yanaşır.

Qeyd edək ki, KTMT-yə altı ölkə - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Noyabrın 23-də Minskdə KTMT-nin keçirilən sammitinə, Ermənistan XİN və Müdafiə nazirliklərinin rəhbərləri tədbirlərə qatılmayıb. Nikol Paşinyan isə KTMT-ni Azərbaycanla hərbi münaqişə zamanı respublikaya yardım etməməkdə ittiham etmişdi. Eyni zamanda, Ermənistan hakimiyyəti KTMT-dən çıxmaq barədə düşünmədiklərini təkid edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31