Böyük Britaniya Fransadan və ABŞ-dan fərqli davranış sərgilədi- ÖZƏL

"Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertinin regiona səfəri çərçivəsində Bakıya təşrif gətirməsi və Azərbaycan Prezidenti ilə görüşdə səsləndirdiyi fikirlər ilk növbədə Londonun Qafqazda gedən prosesləri özəliklə də okeanın o tayındakı müttəfiqlərindən daha dəqiq qiymətləndirdiyini və cənab İlham Əliyevin də vurğuladığı kimi "Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu" göstərir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib: "Cənab Dokertinin "Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Güney Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı" sözlərindən də açıq-aydın görünür ki,  o, bir peşəkar kimi qərbdəki  makronabənzərlərdən nə qədər yuxarıda durur. Dünyada  kimin nə olduğunu yaxşı bilmələri və buna da uyğun siyasət yeritmələrinin nəticəsidir ki, Böyük Britaniya onun yerişini yerimək istəyənləri, o sıradan da Fransanı həmişə kölgədə qoyub. İkincinin bütün canfəşanlığına baxmayaraq bizim regionda da vəziyyət eynidir. Və bu, Böyük Britaniyanın Azərbaycana yatırdığı 30 milyard dollardan çox sərmayənin həcmindən də bəllidir. 
Gərək ki, Azərbaycanla İsrail arasındakı əlaqələrdən danışılarkən bu, aysberqə bənzədilərək onun görünməyən tərəfinin görünəndən daha dərin olduğu diqqətə çatdırılmışdı. Azərbaycan-Böyük Britaniya əlaqələri haqda da təqribən belə demək mümkündür. Və biz ikinci Qarabağ savaşı zamanı da gördük ki, Böyük Britaniya təkcə Fransadan deyil, özünün müttəfiqi olan ABŞ-dən də fərqli davranış sərgilədi, beynəlxalq hüququn yanında yer almağa üstünlük verdi. Bu isə heç vaxt unudulmur və unudulmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31