Ukrayna prezidenti cəbhədə dönüş yaratmasa Vaşinqton tərəfindən hakimiyyətdən uzaqlaşdırılacaq- ÖZƏL
23 Noyabr 2023 10:31 Dünya"Ukrayna prezidenti V. Zelenski Rusiyanın "Meydan-3" etiraz aksiyası təşkil edəcəyi və onu devirmək istədiyini xüsusi vurğulayıb. Həmçinin hakimiyyəti daxilində müəyyən fikir ayrılıqlarının, generalların siyasətə qarışmaq kimi istəklərini dilə gətirib. Göründüyü kimi V. Zelenski hakimiyyətinin monolitliyini qorumaqda çətinlik çəkir və özünün hərbiçilər tərəfindən devrilməsindən ehtiyatlanır". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Zelenski komandasında ciddi korrupsiya halları mövcuddur və vahid komanda problemi olaraq qalır: "Bu da Qərbin verdiyi maliyyə dəstəyinin korrupsiyaya məruz qaldığına gətirib çıxarır. Ümumiyyətlə, Kiyevdə güclü hakimiyyət sistemi olmayıb. ABŞ prosesi idarə edir və Ukrayna dövlət məmurlarına qalsaydı, ölkəni çoxdan V. Putinə təslim edərdilər. Ukraynanın iki problemi var. Birinci korrupsiya və monolit komandanın olmaması. İkinci, Rusiya işğalı. Əgər, V. Zelenski korrupsiyanın qarşısını almaqda çətinlik çəkəcəksə, Qərbin verdiyi pullar cəbhə üçün deyil, dövlət məmurlarının cibinə gedəcəksə V. Zelenski ilə Vaşinqton vidalaşacaq. Ukrayna prezidentinin məlum çıxışından sonra Almaniya və ABŞ müdafiə nazirləri Kiyevdə oldular. Növbəti dəfə V. Zelenskiyə şans verdilər. Ukrayna prezidenti komandasında və cəbhədə dönüş yaratmasa Vaşinqton tərəfindən hakimiyyətdən uzaqlaşdırılacaq".