Fransa və Almaniyada antisemitizmin artmasına təəccüblənmirəm - ÖZƏL
14 Noyabr 2023 15:59 Dünya"Fransa və Almaniya kimi ölkələr özlərini hər zaman demokratik, digər mədəniyyətlərə, dinlərə qarşı loyal yanaşma göstərən ölkələr kimi təqdim etmələrinə baxmayaraq, biz bilirik ki, hər iki ölkədə də istər antisemitizm güclüdür, istərsə də digər dinlərin, mədəniyyətlərin təmsilçilərinə qarşı çox ciddi dözümsüzlük müşahidə edirik".
Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Bütün hallarda Fransa və Almaniyada belə bir mühitin olmasına təəccüblənmirəm. Onların ümumiyyətlə imperializm siyasəti digər dinlərin və mədəniyyətlərin, millətlərin nümayəndələrini əzmək üzərində qurulub və Almaniya İkinci Dünya Müharibəsini başlatmış, dünyada milyonlarla insanın, o cümlədən də, yəhudinin ölümünə səbəb olmuş bir ölkədir. Fransada da bu cür məsələlər tarixən və zaman-zaman baş vermişdir.
Bu gün Fransanın özünü dünyəvi dövlət adlandıraraq, din nümayəndələrinə, xüsusilə də İslam dinindən olan insanlara qarşı aqressiv yanaşmasını müşahidə edirik. Bu mənada bu dövlətlərin demokratiya, hüquq aliliyi kimi fikirlərinin ölkədə qorunması ilə bağlı təqdimatları yalandan ibarətdir. Onların əsl mahiyyətində bu demokratiya, söz, fikir azadlığı kimi məsələlərin, bəyanatların əsl mahiyyətinin də arxasında bu dövlətlərin imperializm siyasəti, insanlara, bəşəriyyətə qarşı törətdikləri cinayətlər dayanır. Ona görə də, Fransa və Almaniyada antisemitizmin artmasına təəccüblənmirəm".