Rusiyanın Amerika qarşısında strateji məğlubiyyəti - ÖZƏL

"Rusiyanın Ukraynaya etdiyi hərbi müdaxilə SSR  dağıldıqdan sonra sonuncunun varisi kimi Amerika qarşısında ilk strateji məğlubiyyəti oldu. Moskva özünün kağız üzərində olan hərbi gücünə arxalanaraq Qərbin hazırladığı Ukrayna bataqlığına sürükləndi və bu gün Rusiya hərbi əməliyyatlar zonasında uğur əldə etməsə də, böyük itkilər hesabına öz adını, imicini qoruyub saxlamaq üçün çalışır". Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki,  Rusiyanın itkiləri ən çox Vaşinqtonun xeyrinə oldu və ABŞ bu müharibəni əsas gətirərək NATO çərçivəsində və ondan kənar digər müttəfiqlərinə təhlükənin və təhdidlərin hər zaman var olduğunu, onlara qarşı maksimum hazırlıqlı olmağın zəruriliyini aşılamış oldu: "Rəsmi Vaşinqton yaranmış situasiyadan istifadə etməklə müttəfiqləri üzərində  təsir imkanlarını genişləndirməyi bacardı və  bunun əyani sübutu kimi Çin ətrafında cərayan edən prosesləri göstərmək olar. Artıq ABŞ-la yanaşı bir çox dövlət Çini bir nömrəli təhdid olaraq qəbul edir və Pekinə qarşı Vaşinqtonla birgə hərəkət edir. Təbii ki, Biden hökumətinin Çin narahatlığı başa düşüləndir. Çin Xalq Respublikası Si Tsinpin rəhbərliyində çox dinamik inkişaf tempi qazanıb və bu yüksəliş orduyada sirayət edir". AVP rəsmisi deyib ki, hazırda dünya üzərində Çin Xalq Ordusu qədər sürətli şəkildə yenilənən və inkişaf edən, hər gün demək olar ki, yeni hərbi texnologiyaları silahlanmasına qəbul edən ikinci bir ordu yoxdur: "Düzdür hələ ki Çin silahlı qüvvələri texnoloji və təcrübə baxımından Amerika ordusunun bir addım gerisindədir, lakin Pekin rəhbərliyi bu geriliyi aradan qaldırmaq üçün ciddi səy göstərir və çox arxayınlıqla demək olar ki, qısa zaman kəsiyində iki super güc arasında olan rəqabət Çinin lehinə dəyişəcək. Rəsmi Vaşinqton Sakit okean hövzəsində artan Çin təhlükəsini yaxşı anlayır və özüylə yanaşı müttəfiqlərini də Pekinə qarşı aqressiv hərbi manevrlər etməyə sövq edir. Artıq Yaponiya hökuməti artan Çin və Şimali Koreya təhlükəsini əsas gətirərək İkinci Dünya müharibəsindən sonra qəbul etdiyi müdafiə əsaslı hərbi doktiransına dəyişiklik etdi. Tokio rəhbərliyinin bu qərarı regionun hərbi mənzərəsindı ciddi dəyişikliklər edəcək qəbildəndir. Çünki adını çəkdiyimiz dövlət dünyanın üçüncü iqtisadi gücüdür və texnologiya nəhəngi kimi şöhrət qazanıb. Silahlanma istiqamətində də aktivliyini artıran hökumət yeni tip hipersonik raketlərin istehsalı üçün Mitsubish Heavy İndustries şirkətinə 3 milyard dollarlıq sifariş verib və həmin raketlər üçün minimum mənzil 1500 km nəzərdə tutulub. Yaponiya ilə yanaşı Cənubi Koreyada öz hərbi potensialını genişləndirməyə davam edir. Seul rəhbərliyi 2036- cı ilə qədər hər biri 80 balistik raket daşımaq qabiliyyətində olan 3 gəminin inşasına qərar verib və bu gəmilərdə yaradılmasına başlanılan Hyunmo - 4  balistik raketlərinin yerləşdirilməsi nəzərdə tutulub. Hyunmo - 4  raketlərinin uçuş məsafəsi 2000-3000 km arası təşkil edir ki, buda Pxenyan və Pekinin çox rahatlıqla hədəf alınmasına imkan verir. Görünən odur ki, Vaşinqton  Çinə qarşı Yaponiya, Cənubi Koreya, Avstraliya üçlüsündən istifadə etməyə çalışır və bunuda bacarır. Rəsmi Pekin isə iqtisadi həmlələr edərək ABŞ - a qarşı mövqeylərini gücləndirməyə davam edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31