ABŞ sona qədər Ukraynanın yanında olacaqmı?
14 Aprel 2023 12:24 DünyaRusiya-Ukrayna müharibəsi bir ildən artıqdır ki, davam edir. Hər iki tərəfin on minlərlə canlı qüvvə, milyardlarla dollar ziyan gördüyü bu müharibə hələlik qalib tərəf yoxdur. Daha doğrusu müharibə edən tərəflərdən qalib durumda olanı yoxdur. Yalnız üçüncü tərəf qalibdir Rusiya-Ukrayna müharibəsində. Hansı ki, Rusiyanı zəiflətmək üçün Ukraynaya silah verib onu döyüşə, təkcə döyüş deyil, eyni zamanda dərəyə sürükləyən, ölümlə üz-üzə qoyan Qərb, Birləşmiş Ştatlar. Çünki onlara lazım olanı əldə etdilər. Rusiya həm iqtisadi, həm də hərbi baxımdan təsəvvür edilməyəcək dərəcədə zəiflədi. Elə sözügedən güc mərkəzlərinə də bu lazım idi. Ukraynaya da silah, hərbi texnika buna görə verilirdi. Ukraynanın ərazi bütövlüyünə hörmət etdikləri üçün yox.
Deyəsən Qərb, Birləşmiş Ştatlar Rusiyanın zəiflədilməsi planlarının həyata keçdiyindən artıq məmnundurlar. Ona görə də Ukraynaya hərbi dəstəyi dayandırırlar. Hətta Kiyevin qısa müddətdə Rusiyaya uduzacağını da açıq şəkildə ifadə edirlər. Hər halda bu günlərdə Pentaqondan açıqlanan məlumat belə deməyə əsas verir. Belə ki, Birləşmiş Ştatların Müdafiə Nazirliyinin bu günlərdə yaydığı açıqlamada mayın 23-nə qədər Ukraynanın Rusiya qarşısında məğlub olacağı bildirilir. Deməli, hər şey Vaşinqtonun maraqlarının təmin edilməsi çərçivəsində gedib. Artıq Vaşinqton Ukraynaya əlavə pul xərcləməyə maraqlı görünmür və Kiyevi məğlubiyyətlə barışmağa bir növ çağırış edir.
Ancaq bunun tamamilə əksini düşünənlər də var. İddia olunur ki, Pentaqon bu cür açıqlama yaymaqla əslində Rusiyanı arxayın salır. Ancaq əslində Kiyevi dəhşətli əks hücum əməliyyatına hazırlayır. Bu arada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns deyib ki, Rusiya Prezidenti Vladimir Putin hələ də Ukraynanı darmadağın edə biləcəyinə inandığı üçün danışıqlara ciddi yanaşmır. Onun sözlərinə görə, Ukraynanın planlaşdırdığı əks-hücum əməliyyatı çox vacibdir, çünki məhz Silahlı Qüvvələrin döyüş meydanında irəliləməsi çox güman ki, danışıqlar perspektivini formalaşdıracaq. "Əsl ölkələr müqavimət göstərir. Putin müharibədən əvvəl Ukrayna ilə bağlı fərziyyələrində dərindən yanılmışdı", - Börns vurğulayıb. O əlavə edib ki, kəşfiyyat məlumatlarının mübadiləsi də daxil olmaqla, ABŞ-dən Ukraynaya gələcək dəstəyin davam etdirilməsi çox vacibdir. Siyasi ekspert Kənan Novruzov da hesab edir ki, Ukrayna əks-hücum əməliyyatlarına hazırlaşır: "Prezident Volodimir Zelenski və müdafiə naziri Oliksuy Reznikov artq bunun anonsunu veriblər. ABŞ-ın ritorikası bu dövlətin əks-hücum əməliyyatlarında birbaşa maraqlı olduğunu göstərir. U. Börnsün əks - hücum əməliyyatlarını "çox vacib" adlandırması əslində ABŞ-ın məsələyə münasibətindən xəbər verir. Görünür, Vaşinqton Kiyevi əks-hücum əməliyyatlarına daha çox təhrik edir".
Ekspertin fikrincə, MKİ direktoru Putinin hələ də Ukraynanı darmadağın edə biləcəyinə inandığını təsadüfi olaraq xatırlatmayıb: "Ola bilsin, o, bununla həm də Kiyevə xəbərdarlıq etmək istəyib. Börns demək istəyib ki, Ukraynanın ABŞ-a arxalanmaqdan başqa yolu yoxdur. ABŞ dövlət departamentinin rəhbəri Entoni Blinken daha əvvəl əks - hücum əməliyyatları barədə danışarkən Vaşinqtonun Kiyevi dəstəkləyəcəyini bildirmişdi. Ola bilsin, ehtimal edilən əks-hücum əməliyyatları ilə bağlı ABŞ-la Ukrayna arasında fikir ayrılığı var. Bəlkə də, rəsmi Kiyev Vaşinqona tam güvənmir. Amma əks-hücum əməliyyatları böyük ehtimalla yaxın vaxtda başlayacaq. Çünki ləngimə, xüsusilə Baxmut şəhərinin əldən çıxması ilə nəticələnə bilər. Bu isə Rusiyanın Donetsk vilayətində nəzarətinin güclənməsi deməkdir. İndi əsas sual budur: Ukrayna əks-hücum əməliyyatlarına başlayarsa, ABŞ hara qədər bu dövlətin yanında olacaq?".
Süleyman