Ukraynadan olan qaçqın ailəsi Polşada döyülüb- ÖZƏL
13 Yanvar 2023 12:37 DünyaOlaylar.az xəbər verir ki, Polşada Ukraynadan olan qaçqınlar ailəsi Lyublin şəhərinin mərkəzində döyülüb. Zərərçəkənlər iddia edir ki, bu onların milli mənsubiyyətinə görədir. Bu barədə yerli "Dziennik Wschodni" qəzeti məlumat yayıb. Oksana adlı qaçqının sözlərinə görə, hadisə yanvarın 7-də axşam o, 27 yaşlı hamilə qızı və 13 yaşlı oğlu ilə gəzintidən qayıdarkən baş verib. Onlar avtobusu gözləyərkən iki gənc onlara yaxınlaşıb.Lakin qızın Ukrayna ləhcəsi ilə danışdığını gördükdən sonra aqressivləşib qışqırmağa başlayıblar ki, qaçqınların Ukraynaya evlərinə getmə vaxtıdır. Bundan sonra şifahi təcavüz hücuma çevrilib. Oksananın 13 yaşlı oğlu polisə zəng etmək istəyəndə həmin şəxslər onun telefonunu əlindən almaq istəyiblər, onu yıxıblar, başına yumruqla zərbələr endiriblər. Onun müdafiəsinə qalxan qadınlar da döyülüb. Xəsarət alan ailə xəstəxanaya aparılıb, yeniyetmənin barmağı sınıb. Ailə Polşada heç vaxt nifrətlə üzləşmədiklərini, onlara köməklik göstərildiyini və bundan əvvəl özlərini təhlükəsiz hiss etdiklərini vurğulayıb. Polis hücum edənlərin kimliyini müəyyən edib, onların 25 və 30 yaşlı yerli sakinlər olduğu üzə çıxıb. Azyaşlının döyülməsi və milli zəmində təhqir edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.