Rusiya və Ukrayna arasında müharibənin şiddəti daha da artacaq - ÖZƏL
6 Yanvar 2023 12:33 Dünya"Rəsmi Kiyevin Rusiyanın 36 saatlıq atəşkəs təklifini rədd etməsi tamamilə haqlı səbəblərdən yaranan bir situasiyadır. Çünki Ukrayna rəhbərliyi yaxşı anlayır ki, Rusiya bu kimi siyasi həmlələrlə vaxt qazanmağa çalışır".
Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, qış şərtləri onsuz da çıxılmaz vəziyyətə düşmüş rus ordusunun durumunu daha da ağırlaşdırır: "Müharibənin gedişatına nəzər yetirdikdə görürük ki, Rusiya ordusu logistika və hərbi əməliyyatlar icra etmə baxımından çox ciddi sıxıntılar çəkir və Rusiya tərəfinin atəşkəs çağrışı qismən də olsa cəbhə xəttində dislokasiya olunan qüvvələri silah-sursat, ərzaq və geyimlə təmin etməyə hesablanmış addımdır. Hesab edirəm ki, irəliləyən zamanda, xüsusilə yaz-yay aylarında müharibənin şiddəti daha da artacaqdır. Çünki müşahidələr göstərir ki, hər iki ordu indiki halda çoxda ciddi əməliyyatlar icra etmir və hər iki ordu mövqelərini möhkəmləndirmək cəhdləri edir".
AVP rəsmisi deyib ki, hərbi ehtiyatlar və silah arsenalını genişləndirmək baxımından Ukrayna tərəfi Rusiyanı bir addım qabaqlayır: "Bu günə qədər Qərb Ukraynanı daha çox müdafiə məqsədili silahlarla təmin edirdisə, artıq bu istiqamətdə işlər dəyişir və Ukranaya veriləcək silahların arasında hücum silahlarının yer alması müharibənin gedişatına ciddi təsiri olacaq. Rəsmi Vaşinqton bu il üçün Kiyevə 45 milyard dollar dəyərində yardım paketini təsdiq edib. Bu isə Rusiyanın ümumi müdafiə büdcəsinə yaxın bir rəqəmdir. Əlavə olaraq Pentaqon irəliləyən zamanda Ukrayna ordusunu M2 Bradley zirehli transportyorlarla təmin edəcək. Həmçinin Fransan da yardım olaraq Ukraynanı AMX-10 RC orta sinif tankları ilə təmin edəcək. Adlarını sadaladığım texnikalar, Rusiya ordusunun istifadə etdiyi silahları bütün parametrlər üzrə üstələyir və bunlar hücum silahlarıdır. ABŞ, Fransa, Türkiyə kimi qabaqcıl hərbi məhsullar istehsal edən ölkələrin Ukrayna ordusunun silahlanmasında yaxından iştirak etməsi irəliləyən zamanda Rusiyanın hərbi əməliyyatlarına ciddi təsirləri olacaq və Ukrayna ordusunun ciddi uğurlar qazanmasına təkan verəcək".