Fransanın və digər Qərb ölkələrinin regiona gəlişi yalnız yeni faciələrə yol aça bilər - ÖZƏL
26 Dekabr 2022 13:21 Dünya"Fransanın Cənubi Qafqaza qayıtmaq cəhdlərini açıq- aşkar müşahidə edirik. Ancaq indiki reallığa əsaslansaq əminliklə demək olar ki, xüsusən bu ölkənin indiki lideri Makronun bunu reallaşdırması mümkün görünmür". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, Rusiya-Ukrayna müharibəsindəki qarşıdurmada ciddi məğlubiyyətə uğrayan Fransa indi də Cənubi Qafqazda aranı qatmağa cəhd edir:
"Rusiya sülhməramlılarını Avropa sülhməramlıları ilə əvəz etməyə çalışır. Bu Fransa-erməni bacılarının planlarıdır, lakin unudurlar ki, bu real məsələ deyil, gərək bütün tərəflər buna razılıq versinlər".
Politoloq qeyd edib ki, Paşinyan prosesi qərbə doğru apardıqca işlər daha da mürəkkəbləşir və bu Rusiyada daha böyük qıcıq yaradır: "Xüsusilə, Ermənistanda Rusiya əleyhinə son etirazları da nəzərə alsaq vəziyyətin həqiqətən dalana dirənməsini müşahidə etmiş olarıq. Əgər danışıqlar sabit formada, Rusiyanın vasitəçiliyi ilə davam etsəydi və Paşinyan qərbi bu işə qarışdırmasaydı, bir sıra razılıqlar artıq əldə olunmuşdu. Axı Paşinyan niyə uzağa gedir, gözünün qabağına 2008-ci il Gürcüstandakı müharibəni, son Ukrayna müharibəsini gətirsin, o zaman da Fransa prezidenti, kollektiv Qərb çox canfəşanlıq edirdi, hansı biri durdura bildi bu müharibələri, Paşinyanı da həmin aqibət gözləyir. Ona görə nə qədər gec deyil, bacılarının fitvasina getməsin, bu regionun güc sahibləri ilə masa arxasına oturub bu məsələlərdə razılığa gəlsin". Vüqar Əhmədovun sözlərinə görə, son 30 il bir daha sübut etdi ki, Fransa və kollektiv Qərbin cəlbi Cənubi Qafqazda münaqişələrin real həllinə heç bir kömək göstərə bilməmişdir: "Bunun biz hər üç Cənubi Qafqaz ölkəsinin timsalında şahidi olduq. Qərb özü də bunu çox gözəl dərk edir, Fransanın və digər Qərb ölkələrinin regiona gəlişi yalnız yeni faciələrə yol aça bilər".