Zelenskinin Amerika səfəri nəyə hesablanıb?- ÖZƏL
22 Dekabr 2022 16:31 Dünya"Zelenskinin Amerikaya səfəri dünyada baş verən proseslərin Ukraynanın əleyhinə çevrilməkdə olması ilə bağlı idi. Ukraynanın əsas dəstəkcisi Amerika və İngiltərə dövlətləridir. Amerika öz qlobal gücünə görə ön plana çıxır. Son zamanlar isə Amerika özünün dünyəvi maraqlarına görə yetəri qədər zərbə alıb. Ukraynada Rusiya ilə qarşıdurma fonunda, eyni zamanda Çinin artan dünyəvi təsirləri nəticəsində Amerika artıq təkhakimiyyətli dünya sistemini əlindən qaçırmaq üzrədir. Bunu istəmir. Ona görə də Amerikanın çox önəmli siyasi ideoloqlarından biri Henri Kissincer deyib ki, "Artıq Ukraynada mövcud reallıqla razılaşıb, güzəştlər şərti ilə münaqişəni başa vurmaq lazımdır". Bu, ona hesablanır ki, Amerika artıq Rusiyanı balanslaşdırıb,bütün diqqətini Çinə yönəltmək istəyir".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
"Zelenski də bütün bunların fərqindədir. Zelenski bilir ki, Ukrayna NATO blokundan dəstək almadan Rusiyaya qarşı mübarizə əzmini itirəcək. Ona görə bu səfər ona hesablanmışdı ki, mövcud vəziyyət düzgün qiymətləndirilsin. Zelenski maksimum dəstək toplasın. Zelenski Vaşinqtonu razı salmağa çalışır ki, Vaşinqton Ukraynaya sona qədər dəstək versin. Bunu bacarmağı indiki zaman üçün mümkün görünmür. Hazırda Amerika öz milli maraqlarını üstün tutacaq. Amerika maraqları da onu tələb edir ki, Rusiya ilə münaqişə fonunda güc itkisini dayandırsın, diqqətini əsas rəqibi Çinə yönləndirsin".