NATO-nun Türkiyə və Yunanıstana həmrəylik çağırışı - ÖZƏL

Yunanıstan döyüş təyyarələrinin Egeydə NATO uçuşlarının qarşısını almaq cəhdindən sonra NATO, "Yunanıstan və Türkiyəni Egeydəki fikir ayrılıqlarını diplomatik yollarla və Müttəfiqlərin həmrəyliyi ruhu ilə həll etməyə çağırırıq" - deyib.

Olaylar.az xəbər verir ki, NATO rəsmisi AA müxbirinə planlaşdırılan "NATO NEXUS ACE Aegean" missiyasında Yunanıstan təyyarələrinin tutulması ilə bağlı açıqlama verib.

Türkiyə və Yunanıstanın dəyərli müttəfiqlər olduğunu vurğulayan NATO rəsmisi iki ölkənin NATO-da hər gün birgə fəaliyyət göstərdiyini və qüvvələrinin NATO təlimlərində birlikdə iştirak etdiyini xatırladıb.

Aralıq dənizinin NATO üçün həyati əhəmiyyət daşıdığını bildirən NATO rəsmisi sözlərinə belə davam edib:

"Biz Yunanıstan və Türkiyəni Egeydəki fikir ayrılıqlarını diplomatik vasitələrlə və müttəfiq həmrəyliyi ruhunda həll etməyə çağırırıq. NATO Türkiyə və Yunanıstanın Şərqi Aralıq dənizində insident riskini azaltmaq üçün çalışacaqları bir ayırma mexanizmi qurmuşdu. Rusiyanın Ukraynadakı müharibəsi Avropada sülhü pozduğu bir vaxtda müttəfiqlərin bir yerdə dayanması daha da əhəmiyyətlidir."

"Hərbi Hava Qüvvələrimiz lazımi cavabı verdi"

Milli Müdafiə Nazirliyi səhər saatlarında Türkiyə Hərbi Hava Qüvvələrinin Egey dənizində NATO uçuşlarının qarşısını almağa çalışan Yunan təyyarələrinə cavab verdiyini açıqlamışdı.

Açıqlamada, dünən planlaşdırılan "NATO NEXUS ACE Ege" missiyası üçün yaradılan paket qolunda Türkiyə Hərbi Hava Qüvvələrinə aid 14 ədəd F-16, bir ədəd HİK, bir ədəd KC-135 tankeri və bir ədəd CASA axtarış-xilasetmə təyyarəsi, NATO-ya aid bir ədəd E3-A AWACS təyyarəsi ilə bir uçuş həyata keçirildiyi və bu missiya üçün Hava Missiyası Sifarişinin (ATO) 24 saat əvvəldən tərtib edildiyi və lazımi məlumatların NATO müttəfiqlərinə verildiyi bildirilib və aşağıdakılar qeydə alınıb:

"Yunanıstan təyyarələri bir daha NATO uçuşunun qarşısını almağa çalışdı, Hərbi Hava Qüvvələrimiz lazımi cavabı verdi. Paket qolu Egey dənizinin beynəlxalq hava məkanında uçuşunu davam etdirərkən, Yunanıstana məxsus 5 fərqli hava bazasından təyyarələrimizə radar kilidləri etmək surətilə hücum edildi. Yunan təyyarələrinin NATO missiyasını əngəlləmək səylərinə baxmayaraq, paket qolundakı təyyarələrimiz missiyanı müvəffəqiyyətlə tamamlayana qədər uçuşlarını davam etdirdi. Dalaman və Akhisardan havaya qalxan F-16 təyyarələrimiz də ehtiyat tədbiri vəzifəsini yerinə yetirərək, Yunan təyyarələrinə lazımi cavabı verdi. Paket qolu uçuşunda olan təyyarələrimiz NATO NEXUS ACE missiyasını uğurla başa vuraraq, təhlükəsiz şəkildə bazalarına qayıtdılar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31