Britaniya daha altı rusiyalıya qarşı sanksiyalar tətbiq edib: Bəzi xəbər saytları da siyahıdadır
5 İyul 2022 15:15 DünyaBöyük Britaniya bazar ertəsi altı Rusiya vətəndaşının, o cümlədən "United World International" xəbər saytının sanksiyalar siyahısına daxil edildiyini açıqlayıb.
Olaylar.az Oxu.az-a istinadən bildirir ki, "Exo Kafkaza" xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Sanksiya siyahısında olanlar arasında ideologiyasının Kreml siyasətinə əhəmiyyətli təsir göstərdiyi güman edilən filosof Aleksandr Duginin qızı Darya Dugina (Platonova) da var. Duginin özü isə sanksiyalar siyahısında yoxdur.
Sanksiyaya məruz qalan daha beş nəfər Krımın "NewsFront" xəbər agentliyinin fəaliyyəti ilə bağlıdır. Onların hamısının Ukraynadakı müharibə ilə bağlı dezinformasiya ilə məşğul olduğu iddia edilir.
Hazırda Britaniyanın sanksiya siyahısında 1293 Rusiya vətəndaşı var ki, bu da digər ölkələrin vətəndaşlarından çoxdur.